İctimai fəal -"Bakının yol infrastrukturu bərbad vəziyyətdədir"

  • By Admin2
  • 08 İyul 2026 12:04

İctimai fəal Haldun Novruzadə Bakının yol infrastrukturunun vəziyyətini tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, o, paytaxtın əksər yollarının yararsız vəziyyətdə olduğunu iddia edərək bildirib ki, yolların böyük hissəsi ya sovet dövründən qalıb, ya da son illərdə keyfiyyətsiz şəkildə inşa edilib və qısa müddətdə sıradan çıxıb.

H. Novruzadənin sözlərinə görə, yalnız şəhərin müəyyən hissələrində, o cümlədən Neftçilər prospekti, Prezident Aparatının ətrafı və İçərişəhər istiqamətində yollar qənaətbəxş vəziyyətdədir.

İctimai fəal qeyd edib ki, əvvəllər əsasən Yeni Günəşli qəsəbəsindəki yolların vəziyyətindən narazı olsa da, hazırda Nərimanov, Gənclik, Nizami rayonlarının ara küçələrində, eləcə də Yasamal və Bayıl ərazilərində də oxşar problemlərin müşahidə olunduğunu bildirir.

O, xarici ölkələrlə müqayisə apararaq, ötən il Şri Lankanın bir neçə şəhərində olduğunu və oradakı yolların Bakının bir çox küçələrindən daha yaxşı vəziyyətdə olduğunu iddia edib.

Elmar

Gununsesi.info