Bütlər dəyişir, kütlə dəyişmir - Aqşin Yenisey

İnsan tarix boyu özünə sitayiş edəcəyi bir sima, bir ideya, bir rəmz axtarıb. Zaman dəyişib, bütlər dəyişib, amma büt yaratmaq ehtiyacı dəyişməyib.

Dünənin müqəddəsləri ilə bugünün məşhurları arasında zahiri fərqlər nə qədər böyük görünsə də, onları doğuran psixoloji mexanizm eynidir: tənqidi düşüncədən uzaqlaşmış kütlənin özünü hansısa fetişləşdirilmiş varlıqda itirməsi.

Texnologiya, elm və tərəqqi insanın həyatını dəyişsə də, onun kütlə psixologiyasını və kor pərəstiş meylini aradan qaldırmayıb. Bəlkə də, çağımızın ən böyük paradoksu məhz budur.

Gununsesi.info  məsələyə dair şair Aqşin Yeniseyin yazısını təqdim edir:

Şərqdə geniş xalq kütlələri hələ də fetişləşdirdiyi şəxslərin ölümünə göz yaşı tökür, Qərbdə də, məsələn, futbol fetişizminə yoluxdurulmuş sekulyar cəmiyyətlər top sayında uduzanda ağlaşırlar. Sekulyar Qərb də, dindar Şərq də fetişləşdirilmiş nəsnənin uğursuzluğunu ağlaşmaqla qeyd edir. Məzmun eynidir, forma fərqli. Ağıl çağında bu nə cəhalət, bu nə səfalət? Ağıl çağı gözlənilənin əksinə, insanları ağıllandırmadı, tam əksinə, ağlın, zəkanın dinamikası ilə ayaqlaşa bilməyən milyardlarla insanı ruhdan salıb cürbəcür cəhalət obyektlərinə sığınmağa məcbur etdi. Ortaçağ kütlələri fetişləşdirilib müqəddəsləşdirilmiş hansısa varlıqla cahilləşdirilirdi, çağımızın kütlələri fetişləşdirilmiş Messi, Ronaldo kimi furbolçularla cahilləşdirilir. Mübahisələrin, müzakirələrin, hətta bəzən qətllərin mövzusu Ortaçağda mistik idi, bu gün gimnastikdir. Çağın adı nə olur-olsun, kütlələrə həmişə baş qatmaq üçün fetişləşdirilmiş varlıqlar lazım olacaq. Və bu fetişləri həmişə ağıllı adamlar yaradacaqlar. Dinin özünü də dövrünün ağıllı adamları ağılsız kütlələri üçün icad etmişdi. Demək istədiyim odur ki, cəhaləti yaradan ağılsızlıq deyil, ağıldır. Ağılsızlıq cəhaləti yaşadandır. İnsanın beyninin olması onun ağlının olması anlamına gəlməz. Beyin bütün canlılarda var, ağıl isə nadir canlılarda müşahidə olunur.

Elmar
Gununsesi.info