Lavrov və Rubio arasında görüş başlayıb

  • Müəllif: Firuzə
  • 23 İyul 2026 09:00
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada danışıqlara başlayıblar.

Gununsesi.info xəbər verir ki, görüş Filippin Beynəlxalq Konfrans Mərkəzində ASEAN tədbirləri çərçivəsində keçirilir.

Görüş ərəfəsində Sergey Lavrov ABŞ administrasiyasının Ukrayna münaqişəsinin nizamlanması perspektivləri ilə bağlı mövqeyini Marko Rubiodan öyrənmək niyyətində olduğunu bildirmişdi. Rubio da öz növbəsində ukrayna mövzusunu rusiyalı həmkarı ilə müzakirə edəcəyini təsdiqləmişdi.

Lavrov iyulun 22-də keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Ankoricdə keçirilən sammitdən sonra verdikləri bəyanatlara istinad edərək, həmin görüşdə əsas məsələlər üzrə ümumi anlaşmanın əldə olunduğunu söyləmişdi. O qeyd edib ki, Moskva Vaşinqtonun Alyaskada irəli sürülən təkliflərdən hələ də imtina etmədiyini hesab edir.

Bu, Donald Tramp administrasiyasının ikinci dövründə – 2025-ci ilin yanvarından bəri Lavrov və Rubionun beşinci üzbəüz görüşüdür. Tərəflər indiyədək 11 dəfə telefon danışığı da aparıblar.

Gununsesi.info