Sumqayıtda uşaq bağçalarının qiymətləri və şəraiti narazılıq doğurur

  • Müəllif: Orxan
  • 30 İyul 2026 12:48

Jurnalist Aytac Aslan Sumqayıtda fəaliyyət göstərən özəl uşaq bağçalarının qiymətləri və xidmət keyfiyyəti ilə bağlı narazılığını ictimaiyyətlə bölüşüb.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, baxış keçirdiyi 4-5 bağçada qənaətbəxş şəraiti olan müəssisələrin aylıq ödənişi minimum 400-500 manat təşkil edir.

Aytac Aslan hesab edir ki, 2-3 yaşlı uşaqlar üçün bu məbləğ olduqca yüksəkdir.

Jurnalist bildirib ki, dövlət layihəsinə qoşulan bəzi bağçalarda rəsmi qiymət 350 manat göstərilsə də, təqdim olunan şərait həmin məbləği doğrultmur. O, bəzi müəssisələrdə mətbəxdə gigiyena qaydalarına əməl olunmadığını, uşaqların kiçik otaqlarda saxlanıldığını və otaqlarda xoşagəlməz qoxunun hiss edildiyini iddia edib.

Aytac Aslan qeyd edib ki, bəzi bağçalarda aylıq ödəniş 250 manat olsa da, valideynlərdən uşağın yeməyini özlərinin gətirməsi tələb olunur. Onun fikrincə, bu yanaşma da qəbulolunan deyil.

Jurnalist vurğulayıb ki, bağça xərcləri təkcə aylıq ödənişlə yekunlaşmır. Bayram tədbirləri, karnavallar, ad günləri və müxtəlif əlavə ödənişlər valideynlərin maliyyə yükünü daha da artırır. O bildirib ki, uşağın digər yaşıdlarından geri qalmaması üçün valideynlər bu xərcləri qarşılamağa məcbur olurlar.

Aytac Aslan həmçinin uşaq kitablarının qiymətlərinə də toxunaraq, az səhifəli kitabların belə yüksək qiymətə satıldığını qeyd edib və bunun ailələrin büdcəsinə əlavə yük yaratdığını bildirib. Onun fikrincə, həm bağça, həm də uşaq məhsullarının bahalığı valideynlər üçün ciddi problemlər yaradır.

Elmar

Gununsesi.info