Son vaxtlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra qurumlarda, cümlədən kitabxanalarda çalışanların ixtisara salınması barədə məlumatlar yayılıb.
İddialara görə, “attestasiya” adı altında çoxsaylı kitabxana işçiləri işdən kənarlaşdırılır.
Gununsesi.info-ya təqdim olunan məlumata əsasən, attestasiyadan keçməyən kitabxana işçilərinə nazirlik tərəfindən xəbərdarlıq mesajları göndərilib.
Mesajda onların həftənin birinci gününədək öz istəkləri ilə işdən çıxmaq barədə ərizə yazmaları tələb olunur.
Mesajda bildirilir ki, göstərilən müddətədək könüllü istefa ərizəsi təqdim etməyən əməkdaşların əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.
Məlumatı təqdim edən şəxslərin sözlərinə görə, işçilərə 70-ci maddə ilə işdən çıxarılacaqları bildirilməsi onlarda ciddi narahatlıq yaradıb. Onlar hesab edirlər ki, bu əsasla əmək münasibətlərinə xitam verilməsi gələcəkdə yeni iş tapmaq imkanlarına mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı Gununsesi.info Mədəniyyət Nazirliyinə sorğu göndərib.
Sorğumuza cavab olaraq bildirilib ki, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən əməkdaşlarla bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun və fərdi qaydada həll edilir:
“Belə hallarda əmək münasibətlərinə əməkdaşın öz təşəbbüsü ilə ərizə verməsi və ya işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tətbiqi əsasında xitam verilə bilər.
Hər bir halda əməkdaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və təminatları qorunur.”
Firuzə Mahmudova











