Paşinyan Rusiyanı arbitrajla hədələdi, Moskva ona sərt xəbərdarlıq etdi

  • Müəllif: Orxan
  • 31 İyul 2026 13:31

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarə olunması ilə bağlı mübahisənin arbitraj məhkəməsinə çıxarıla biləcəyini və Rusiyadan ildə 2 milyard dollar tələb etmək ehtimalını istisna etməyib.

Gununsesi.info xəbər verir ki, Ermənistan hökuməti Rusiya Dəmir Yollarının (RJD) törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolunun (YKDY) idarə etdiyi Ermənistan dəmir yolları ilə bağlı məsələnin dostluq şəraitində həllinə ümid edir. Paşinyan bildirib ki, əgər razılıq əldə olunmasa, İrəvan arbitraj məhkəməsinə müraciət edə və qanuni vasitələrdən istifadə edə bilər.

Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisində yerləşən dəmir yolundan məqsədəuyğun hesab etdiyi şəkildə istifadə etmək hüququna malikdir. O, bəzi hallarda hökumətin “de-yure qərarlar” qəbul etmək məcburiyyətində qala biləcəyini də bildirib.

Paşinyan xatırladıb ki, hələ fevral ayında Rusiya tərəfinə ölkənin dəmir yolları üzrə konsessiyanın Moskva və İrəvan üçün dost hesab edilən dövlətlərdən birinə satılmasını təklif edib. O, mümkün namizədlər kimi Qazaxıstanı, Birləşmiş Ərəb Əmirliklərini və Qətəri göstərib. Onun sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı mövqeyi yoxdur, lakin mövcud konsessiya ölkə üçün müəyyən rəqabət itkiləri yaradır.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov isə Paşinyanın açıqlamalarını əsassız adlandırıb. Nazir bildirib ki, Ermənistanın YKDY ilə bağlı Rusiyadan əlavə ödəniş tələb etməsi hüquqi əsasdan məhrumdur. O vurğulayıb ki, YKDY Rusiya üçün “pulsuz aktiv” deyil və bu müəssisəyə 30 milyard rubldan çox investisiya qoyulub.

Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozyorov da bildirib ki, şirkət konsessiya müqaviləsinin şərtlərinə əməl etməyə davam edəcək. Onun sözlərinə görə, əgər İrəvan müqaviləni birtərəfli qaydada dəyişər və ya ləğv edərsə, RJD yatırdığı investisiyaların geri qaytarılmasını tələb etmək hüququna malik olacaq.

Belozyorov qeyd edib ki, 2008–2025-ci illərdə RJD və YKDY tərəfindən Ermənistan dəmir yollarına ümumilikdə təxminən 396,3 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. O əlavə edib ki, Debed çayının daşması nəticəsində dəmir yoluna dəyən ziyanın aradan qaldırılması Rusiyanın Ehtiyat Fondu hesabına maliyyələşdirilib. Bundan başqa, son illərdə Ermənistana yeni vaqonlar və elektrik qatarları da təhvil verilib.

Qeyd edək ki, Ermənistanın dəmir yolu sisteminin YKDY-yə konsessiya əsasında idarə olunmasına dair müqavilə 2008-ci ildə imzalanıb. Müqavilə 30 il müddətinə bağlanıb və qarşılıqlı razılıq əsasında daha 10 il uzadıla bilər.

Gununsesi.info