Ekspert bol, peşəkar az… -Şəbnəm Rəhimova yazır

Bu gün medianın ən bəlalı problemlərindən biri ekspert mövzusudur. Təəssüf ki, bu gün hər söz deyənə “ekspert” adı verilir. Halbuki ekspert anlayışının özü müəyyən meyarlara əsaslanmalıdır.

 

Bir vaxtlar bu sahədə yetişən insanlar vardı. Onlar siyasi partiyalarda, araşdırma qurumlarında, elmi müəssisələrdə çalışır, öz ixtisas sahələri üzrə davamlı araşdırmalar aparırdılar. Cəmiyyət də onların fikirlərinə məhz bu fəaliyyətlərinə görə etibar edirdi.

 

Elə qardaş Türkiyəyə baxmaq kifayətdir. Siyasi, iqtisadi və sosioloji məsələlər barədə danışan ekspertlərin əksəriyyəti müxtəlif araşdırma mərkəzlərində fəaliyyət göstərir. Onların elmi məqalələri dərc olunur, araşdırmaları yayımlanır, fikirləri isə konkret faktlara və elmi əsaslara söykənir.

 

Bəs bizdə ekspert adlandırılan şəxslər harada yetişir? Hansı araşdırma mərkəzində çalışırlar? Hansı elmi məqalələri və ya araşdırmaları var?

 

Bu gün kompüter qarşısında oturub sosial şəbəkələrdən, xüsusilə qısa görüntülərdən məlumat toplayan bir şəxsin özünü ekspert kimi təqdim etməsi adi hala çevrilib. Ancaq bu, ekspert olmaq demək deyil.

 

Ekspert yalnız fikir bildirən insan deyil. O, statistika, eyni zamanda rəqəmlərlə işləməli, elmi araşdırmalara söykənməli və peşəkar fəaliyyəti ilə bu adı doğrultmalıdır. Yalnız bu halda onun söylədikləri cəmiyyət üçün etibarlı mənbə hesab oluna bilər.

 

Təəssüf ki, media çox vaxt tanımadığı, fəaliyyəti haqqında kifayət qədər məlumatı olmayan şəxsləri ekspert kimi təqdim edir. Daha sonra isə həmin insanların fikirləri cəmiyyətə ekspert rəyi kimi çatdırılır.

 

Düşünürəm, bu problemin əsas məsuliyyəti də elə medianın üzərinə düşür. Çünki həmin şəxsləri tanıdan, onları ekranlara və xəbər lentlərinə çıxaran məhz mediadır.

 

Unutmayaq ki, ekspert adı sadəcə özünü belə təqdim etməklə qazanılmır. Bu ad uzun illərin elmi fəaliyyəti, araşdırmaları və peşəkar təcrübəsi ilə formalaşır. Əks halda, ekspert anlayışı dəyərini itirir, cəmiyyət isə etibarlı biliklə təsadüfi fikir arasındakı fərqi seçməkdə çətinlik çəkir.

 

Şəbnəm Rəhimova

Gununsesi.info