Atanın övlada aliment verməyi aydın məsələdir.
Bəs görəsən, ata özü övladdan aliment ala bilərmi?
Qanun bu barədə nə deyir?
Gununsesi.info-ya bu barədə hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə ata (və ya ana) müəyyən hallarda yetkinlik yaşına çatmış övladından aliment tələb edə bilər. Bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.
Əsas şərtlər bunlardır ki, ata (və ya ana) əmək qabiliyyətini itirmiş olmalıdır (məsələn, pensiya yaşında və ya əlilliyi olmalıdır). Valideyn maddi yardıma ehtiyaclı olmalıdır. Ümumiyyətlə, yetkinlik yaşına çatmış və əmək qabiliyyətli övladın valideynini saxlamaq vəzifəsi yaranır. Bununla yanaşı, məhkəmə bəzi hallarda övladı bu öhdəlikdən azad edə bilər. Məsələn, valideyn vaxtilə valideynlik vəzifələrini yerinə yetirməyibsə, övladın tərbiyəsindən və saxlanılmasından qəsdən yayınıbsa, valideyn valideynlik hüquqlarından məhrum edilibsə. Alimentin məbləğini məhkəmə tərəflərin maddi vəziyyətini, ailə vəziyyətini, digər mühüm halları nəzərə alaraq müəyyən edir. Yəni ata hər halda oğuldan aliment ala bilməz. Bunun üçün qanunda nəzərdə tutulan şərtlər mövcud olmalı və tərəflər razılığa gələ bilmədikdə məsələ məhkəmə tərəfindən həll edilir”,- deyə o qeyd edib.
Elmar












