Rusiya vətəndaşı olan azərbaycanlının Ukraynadakı aktivləri donduruldu

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 23:01

Kiyev şəhərinin Peçersk rayon prokurorunun vəsatəti əsasında Rusiya vətəndaşı olan iş adamına məxsus dəyəri 700 min ABŞ dolları məbləğində olan daşınmaz əmlaka həbs qoyularaq Aktivlərin Axtarışı və İdarə Edilməsi Agentliyinin idarəçiliyinə verilib.

Gununsesi.info  xəbər verir ki, Ukraynanın Baş Prokurorluğunun rəsmi internet səhifəsində yer alan məlumatda Rusiyadan olan iş adamının adı çəkilməsə də, həmin şəxsin sanksiyalar altında olan Rusiya neftini Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə satdığı bildirilir.

Ukrayna mediasının yaydığı məlumata görə, üzərinə həbs qoyulan mənzil Kyivin elit “Klovski” yaşayış kompleksində yerləşir. Hündürlüyü 168 metr olan yaşayış kompleksi Ukraynanın ən böyük göydələni hesab olunur.

Ukrayna mediası, Baş Prokurorluğun məlumatında dərc edilən blurlaşdırılmış fotoya və əldə etdikləri məlumatlara əsasən, həmin şəxsin Azərbaycan əsilli neft treyderi Tahir Qarayev olduğunu müəyyən ediblər.

Ukrayna Baş Prokurorluğunda olan mənbənin “Економічної правди” nəşrinə verdiyi məlumatda əmlakına həbs qoyulan şəxsin Tahir Qadir oğlu Qarayev olduğunu təsdiq edib. O həmçinin qeyd edib ki, Tahir Qarayev Rusiya neftinin qanunsuz yollarla ticarətinə görə Ukraynanın sanksiyalar siyahısına salınıb. Tahir Qarayevin bir sıra ölkələrin, o cümlədən Rusiya, Malta və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığına malik olduğunu vurğulayıb.

Gununsesi.info