Kərəmət Böyükçölün adı son günlər yenə ədəbi müzakirələrdən çox, obyekt söhbətinin içində çəkilir. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumat əsasında onun Sumqayıt şəhərindəki üç obyektinin istismarına icazə verilməsi barədə xəbərlər yayıldı.
Ardınca sosial şəbəkələrdə tanış mənzərə başladı: “satılmısan”, “artıq əvvəlki yazıçı deyilsən”, “səndən yaxşı yazıçı gözləyirdik” və bu qəbildən başqa ittihamlar.
Mən bu reaksiyanın özünü daha maraqlı və daha təhlükəli hesab edirəm.
Çünki bizdə qəribə bir stereotip var. Yazıçıdırsa, mütləq kasıb olmalıdır. Əlində pul görünəndə şübhələnirik, avtomobil sürəndə narahat oluruq, ev alanda soruşuruq ki, görəsən, kimə satılıb? Bir obyektinin olduğunu eşidəndə isə az qala onun ədəbiyyatla əlaqəsini şübhə altına alırıq.
Niyə?
Yazıçı acından ölməlidir?
Yazıçının yaxşı yaşamaq haqqı yoxdur?
Əgər bir insan səhərdən axşama qədər yazırsa, kitab çıxarırsa, illərlə öz adını, əməyini, sağlamlığını bu işə qoyursa, niyə onun başqa sahədə qazanc əldə etməsi avtomatik olaraq mənəvi cinayət kimi təqdim edilməlidir?
Üstəlik, söhbət Kərəmət Böyükçöldən gedir. Kərəmət hansısa nazir, məmur, dövlət şirkətinin rəhbəri, büdcəyə sərəncam verən şəxs deyil. Onun şəxsi biznes qurması ilə ictimai vəsait arasında avtomatik əlaqə yaratmaq üçün ortada ciddi fakt olmalıdır. Sadəcə “yazıçıdır, deməli, obyekt sahibi olmamalıdır” məntiqi isə nə hüquqi, nə mənəvi, nə də ədəbi arqumentdir.
Əksinə, mən həmişə düşünmüşəm ki, yazıçının maddi cəhətdən azad olması ədəbiyyat üçün pis şey deyil.
Maddi asılılıq insanı daha azad etmir. Əksinə, bəzən adamı susdurur, əyir, qorxudur. Ev kirayəsini düşünən, ailəsinin dolanışığını düşünən, sabah nə yeyəcəyini düşünən adamdan “mütləq həqiqəti yaz” tələb etmək asandır, amma onun həyatını yaşamaq çətindir.
Biz isə yazıçıdan qəribə bir müqəddəslik tələb edirik. Guya o, bütün ömrü boyu kasıb qalmalı, çayxanada oturmalı, köhnə palto geyinməli, borc içində yaşamalıdır. Sonra da yazmalıdır ki, “mən insanın dərdini anlayıram”.
Nə üçün?
Ədəbiyyatın şərti kasıblıqdırmı?
Dünyanın böyük yazıçılarının bir çoxu varlı olub. Bir çoxu başqa bizneslə məşğul olub. Bəziləri dövlət vəzifələrində çalışıb, bəziləri universitetdə dərs deyib, bəziləri jurnal buraxıb, bəziləri ticarətlə məşğul olub. Amma onların əsərlərinin qiymətini bank hesablarının vəziyyəti müəyyən etməyib.
Yazıçını yazıçı edən onun yoxsulluğu deyil, yazdıqlarıdır.
Kərəmətin yaxşı yazıb-yazmaması haqqında ayrıca mübahisə etmək olar. Hətta onun yaradıcılığını sərt şəkildə tənqid etmək də olar. Mən buna qarşı deyiləm. Ədəbiyyatda tənqid olmalıdır. Yazıçının kitabını bəyənməyə də bilərsən, dilini zəif hesab edə bilərsən, fikirləri ilə razılaşmaya bilərsən. Bunların hamısı normaldır.
Amma “obyektin var, deməli, satılmısan” başqa şeydir.
Bu, tənqid deyil. Bu, adamın şəxsi həyatına və maddi vəziyyətinə əsaslanaraq onun yaradıcılığı haqqında hökm çıxarmaqdır.
Ən qəribəsi isə budur ki, biz eyni anda həm yazıçının böyük olmasını, həm də yazıçının kasıb qalmasını istəyirik. Ondan dünya səviyyəsində əsər gözləyirik, amma normal həyat yaşamasını ona çox görürük.
Bəlkə də, problem Kərəmətdə deyil.
Bəlkə problem bizim yazıçı təsəvvürümüzdədir.
Biz yazıçını hələ də ac, kimsəsiz, borclu, əzab çəkən adam kimi görmək istəyirik. Çünki bizim romantik ədəbiyyat təsəvvürümüzdə yazıçının əzabı onun istedadının sübutudur.
Halbuki insanın uğuru onun sənətinə xəyanət etməsi demək deyil.
Kərəmət Böyükçöl sabah daha yaxşı kitab yazsa, bu kitabı obyektin içində yazdığı üçün pis olmayacaq. Pis kitab yazsa, onu da obyektinə görə yox, kitabın özünə görə tənqid etmək lazımdır.
Bir yazıçının cibinə baxıb onun cümlələrini qiymətləndirmək isə ədəbiyyata qarşı haqsızlıqdır.
Ona görə də Kərəmətə “satılmısan” deyənlərdən sadə bir sual soruşmaq istəyirəm:
Kimə satılıb?
Əlinizdə konkret fakt varsa, deyin.
Yoxdursa, bir yazıçının öz əməyi ilə qazandığı pulları onun mənəviyyatının ölçüsünə çevirməyin.
Çünki yazıçının ac qalması heç vaxt onun daha böyük yazıçı olmasının şərti olmayıb.
Və nəhayət, yazıçı da insandır.
Onun da yaşamaq, qazanmaq, ev tikmək, obyekt sahibi olmaq, ailəsini dolandırmaq, rahat yatmaq haqqı var.
Ədəbiyyatın bizdən tələb etdiyi tək şey budur: yazıçının var-dövlətinə yox, yazdığına baxaq.
Qalanı onun şəxsi həyatıdır.
Elmar












