Azərbaycanın pomidor ixracının coğrafiyası genişlənsə də, əsas ixrac bazarı olaraq Rusiya hələ də böyük üstünlüyünü qoruyur.
Gununsesi.info-nun xəbərinə görə, iqtisadçı Natiq Cəfərli bildirib ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycandan ixrac edilən pomidorun 93 faizi Rusiyaya göndərilib.
Qalan 7 faizin isə demək olar ki, tamamı Belarus və Ukraynanın payına düşüb.
Onun sözlərinə görə, Azərbaycanın keyfiyyətli pomidorunun Körfəz ölkələri və Avropa İttifaqı bazarlarına çıxarılması üçün yaranan imkanlardan hələ də yetərincə istifadə edilmir.
Cəfərli qeyd edib ki, aqrar məhsulların ixracında Rusiyadan yüksək asılılıq Azərbaycanın iqtisadi təhlükəsizliyi baxımından risk yaradır.
Belə ki, Moskva ilə münasibətlərdə gərginlik yarandığı halda, daha əvvəl olduğu kimi, Azərbaycan məhsullarında müxtəlif xəstəliklərin aşkar edilməsi bəhanəsi ilə idxala məhdudiyyətlər tətbiq oluna bilər.
İqtisadçı ümumilikdə Azərbaycanda iqtisadi xəbərlərin başlığı ilə məzmunu arasında bəzən ciddi fərq olduğunu vurğulayıb.
O, nümunə kimi hökumətin Azərbaycanın 2026-cı ilin ilk 7 ayında 5 milyard 933 milyon dollarlıq qeyri-neft məhsulu ixrac etdiyini açıqlamasını göstərib.
Cəfərlinin sözlərinə görə, bu göstəricinin strukturuna nəzər saldıqda fərqli mənzərə ortaya çıxır. Belə ki, hökumətin təsnifatında qeyri-neft ixracına daxil edilən məhsullar arasında 7108 kodu ilə göstərilən “işlənməmiş və ya yarım işlənmiş, yaxud toz şəklində qızıl” məhsul ən böyük paya malikdir.
2026-cı ilin ilk 7 ayında həmin kod üzrə ixracın həcmi 3 milyard 707 milyon dollar təşkil edib. Bu isə ümumi qeyri-neft ixracının 62 faizindən çoxuna bərabərdir.
Beləliklə, qeyri-neft ixracının əsas hissəsinin qızılın hesabına formalaşması Azərbaycanın ixrac şaxələndirilməsi ilə bağlı real mənzərəni ayrıca qiymətləndirməyi zəruri edir.
“Qara qızılla, sarı qızılın fərqi nədir ki, hər ikisi də Allahın verdiyi resursdur”, -deyə Natiq Cəfərli qeyd edib.
Elmar










