Avropa Məhkəməsi Azərbaycanla bağlı növbəti qərar çıxarıb.
Bu dəfəki qərar üç şikayətçi – Əli Alışov, Adil Hüseynov və Bəhmən Abbasovun 10 ilə yaxın ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.
Gununsesi.info xəbər verir ki, şikayətçilərdən Adil Hüseynov Daxili İşlər Nazirliyinin polis polkunun komandiri, AFFA-nın vitse-prezidenti vəzifələrində çalışmış, “qara polkovnik” ləqəbli Fətulla Hüseynovun oğludur.
Adil Hüseynov Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb.
O, 2015-ci ildə Əli Alışovla birlikdə həbs olunub. Bəhmən Abbasov haqqında isə polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onların hər üçü haqqında dələduzluq ittihamı ilə cinayət işi başlanıb.
Əli Alışov və Adil Hüseynov 2016-cı ildə həbsdən buraxılıb, onların da haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Ərizəçilərin üçü də Avropa Məhkəməsinə şikayətlərində 2016-cı ildən bu yana heç bir heç bir istintaq hərəkəti aparılmadığını, buna baxmayaraq, onların üzərində məhdudiyyətlərin qaldığını göstəriblər.
Avropa Məhkəməsi həm 4 saylı Protokolun 2-ci maddəsinin (hərəkət azadlığı və ölkəni tərk etmək hüququ), həm də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (işə ağlabatan müddətdə baxılması hüququ) pozulduğunu müəyyən edib.
Avropa Məhkəməsi şikayətçilərin hər birinə mənəvi ziyana görə 5500 avro, məhkəmə xərclərinə görə isə 500 avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynov 2004-cü ildə yaşadığı evin qarşısında qətlə yetirilib.
Elmar












