Politoloq: “Azərbaycan-Rusiya münasibətlərində söz artıq Moskvanındır”

  • Müəllif: Orxan
  • 28 Avqust 2026 16:37

Politoloq Turan Rzayev Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillərin yerləşdirilməsini şərh edib.

Gununsesi.info-nun xəbərinə görə, Rzayev bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində hazırda Bakı tərəfindən hər hansı qarşıdurma və ya gərginlik yaratmaq niyyəti yoxdur.

Onun sözlərinə görə, Azərbaycan münasibətlərin qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında davam etdirilməsində maraqlıdır.

Politoloq qeyd edib ki, Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə münasibəti də prinsipialdır:

“Bakı bu müharibəni işğal xarakterli müharibə kimi qiymətləndirir və Ukraynanın ərazi bütövlüyünü, beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini dəstəkləyir. Bununla belə, Azərbaycan Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qoşulmayıb və Qərbin bu ölkəyə təzyiq siyasətinin iştirakçısına çevrilməyib”.

Turan Rzayev hesab edir ki, Azərbaycanın bu siyasəti həm Moskva, həm də Kiyev üçün aydın mesajdır. O vurğulayıb ki, Bakı tərəflərdən birinin siyasi düşməni olmaq niyyətində deyil və münasibətlərin normallaşdırılması üçün etibarlı dialoq platforması rolunu oynamağa hazırdır.

Politoloqun fikrincə, buna baxmayaraq, son dövrlərdə Rusiyada Azərbaycana qarşı təxribat xarakterli addımların artması narahatlıq doğurur.

“Azərbaycan XİN-in son bəyanatında da bu məqam xüsusi vurğulanıb. Hadisənin Bakı-Moskva münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməsi, eləcə də son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması istisna edilmir. Bu, kifayət qədər ciddi mesajdır”, – deyə Tsiyasi şərhçi bildirib.

Orxan

Gununsesi.info