Bu gün Ali Məhkəmədə “Dolçasaray” MTK-dan mənzil alan vətəndaşların kassasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, Elşad Şamayev adlı hakim Eldar Mahmudovun maraqlarından çıxış edərək vətəndaşların şikayətini əsassız hesab edib.
Əvvəlcə onu xatırladaq ki, uzun sürən bu məhkəmə çəkişməsinin başlanğıcı hələ 2006-cı ilə dayanır.
Belə ki, 2006-cı ilin sentyabr ayında nazir olan Eldar Mahmudovun adından çıxış edən şəxslər “Dolçasaray” MTK-nın ofisinə gələrək, tikilməkdə olan binadan mənzillər alınacağını bildirib, bu zaman isə möhürlü, lakin boş müqavilə blanklarını götürüblər.
Sonradan həmin müqavilələrdə layihəyə uyğun olmayan sahələr qeyd olunaraq, əvvəlcə nazirin qohumu Fərhad Məlikovun, daha sonra isə Anar Mahmudovun adına rəsmiləşdirildiyi bildirilir.
İddialara görə, bu proses zamanı isə heç bir ödəniş həyata keçirilməyib və bunu təsdiq edən maliyyə sənədləri mövcud deyil.
Onu da xatırlatmaq lazımdır ki, Eldar Mahmudov MTN naziri olduğu dövrdə ayrı-ayrı iş adamlarını, şirkətləri şantaj etməsi adi hala çevrilmişdi.
Mənzərə bunu göstərir ki, həmin dövrdə Eldar Mahmudov “Dolçasaray” MTK-nın rəhbərliyi təhdid edərək oğluna bir neçə mənzil verilməsinə nail olmuşdur.
Lakin MTN-nin ləğvindən sonra şirkət həmin mənzilləri ona verməkdən imtina etmişdi.
Bundan sonra, ayrı-ayrı vətəndaşlar da həmin mənzilləri alaraq təmir edib və düz 10- ilə yaxındır ki, orada yaşayırlar.
Bütün bunlardan sonra, Eldar Mahmudovun oğlu Anar Mahmudov iddia qaldıraraq həmin mənzilləri tələb edib.
Əslində, o, haqlı olsa belə, iddianı vətəndaşlara yox, şirkətə qarşı qaldırmalı idi.
Ancaq burada bir maraqlı məqam odur ki, Anar Mahmudovun qaldırdığı iddiada birinci instansiya məhkəməsi vətəndaşların haqlı mövqeyini müdafiə edərək onun şikayətini rədd etmişdi.
Buna baxmayaraq, ümidlər var idi ki, Bakı Apellyasiya Məhkəməsinə verilən şikayətdən sonra Ali Məhkəmə bu yanlışlığı aradan qaldıracaq.
Zəruri qeyd: Məsələyə yenidən qayıdacağıq.
Elmar












