Sabiq deputat Etibar Əliyev Azərbaycan mediasının, xüsusilə televiziya kanallarının informasiya müharibəsindəki roluna dair fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev jurnalist Mir Şahin Ağayevin “TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur” fikrinə istinad edərək, Azərbaycan televiziyalarının tamaşaçı qarşısında mövqeyini itirdiyini bildirib.
Sabiq deputat qeyd edib ki, ölkədə ingilis və rus dillərində elmi-populyar və siyasi verilişlərin hazırlanmasına ehtiyac var.
Onun fikrincə, Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması baxımından televiziya imkanlarından daha geniş istifadə edilməlidir.
Əliyev diplomatların Qarabağa səfərlərinin təhlilinin və Ermənistan tərəfdən səslənən narazılıqlara cavabların müxtəlif dillərdə televiziya vasitəsilə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.
O, sosial şəbəkələrdə elm və intellektual mühitin zəiflədiyini də qeyd edib. Sabiq deputat hesab edir ki, alim və ziyalıların televiziya və digər informasiya platformalarında daha fəal iştirakı vacibdir.
Etibar Əliyev bu fikirlərini Azərbaycanın tanınmış alimi, akademik Ziya Bünyadovun 1988-ci ildə “Elm” qəzetində dərc olunmuş “Poçemu Sumqait?” məqaləsi ilə müqayisə edib.
Onun sözlərinə görə, həmin dövrdə mətbuat və televiziya informasiya mübarizəsinin əsas platformaları idi və Ziya Bünyadovun məqaləsi Ermənistanda geniş müzakirələrə səbəb olmuşdu.
Sabiq deputat alim və intellektualların informasiya məkanından kənarda qalmasının doğru olmadığını bildirib:
“Ancaq incimək, küsmək vaxtı deyil. Zəfərimizi substansionallığını var gücümüzlə qorumalıyıq”.
Etibar Əliyev Azərbaycanın əldə etdiyi Zəfərin böyük itkilər və ağrılar hesabına başa gəldiyini vurğulayaraq, işğaldan azad edilmiş ərazilərdə yaşayan, təhsil alan, işləyən və hərbi xidmət keçən insanların bu Zəfərin bir parçası olduğunu qeyd edib.
“İşğaldan azad olunmuş torpaqlarımıza köçən, təhsil alan, işləyən, hərbi xidmət keçən hər bir şəxs, həm də mənəm. Mən oradayam”, – deyə sabiq deputat vurğulayıb.
Elmar











