Cümə günü Yer kürəsini maqnit qasırğaları bürüyəcək

  • Müəllif: Orxan
  • 07 Oktyabr 2026 12:31

Cümə günü Yer kürəsində zəif və orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.

Onun sözlərinə görə, cari həftə Günəş aktivliyinin artması ilə başlayıb.

“Günəşdə intensivliyinə görə mümkün səviyyələr arasında sondan əvvəlki kateqoriyaya aid bir neçə M sinifli alışma baş verib. Onlardan çərşənbə axşamının ilk yarısında qeydə alınan ikisi Yer istiqamətində nisbətən böyük ölçüdə iki plazma buludu buraxıb”, – deyə Leus bildirib.

Mütəxəssis qeyd edib ki, beynəlxalq proqnoz mərkəzlərinin məlumatına görə, Günəş maddəsindən ibarət buludlar cümə günü səhər tezdən Yerə çatacaq.

“Geomaqnit sahədəki təlatümlər təxminən iki gün davam edəcək. Oktyabrın 9-da G1-G2 səviyyəli zəif və orta güclü maqnit qasırğalarının yaranması mümkündür. Maqnit qasırğalarının baş vermə ehtimalı təxminən 80 faizdir”, – deyə o vurğulayıb.

Leus əlavə edib ki, planetin geomaqnit sahəsinin bazar günü yenidən sakit vəziyyətə qayıtması proqnozlaşdırılır.

Gununsesi.info