“Simonyan 2021-ci ildən parlament spikeri idi. Son parlament seçkilərindən sonra erməni mediasının məlumatına görə, onun spiker postuna namizədliyi öz partiyasının, “Vətəndaş müqaviləsi”nin rəhbərliyi tərəfindən rədd edilib. Təxminən üç ay əvvəl isə Paşinyan onu Təhlükəsizlik Şurasının katibi təyin etdi və 2018-ci ildən bu postda olan Armen Qriqoryanı vəzifədən azad etdi.
Qeyd edək ki, Qriqoryan bu müddətdə Azərbaycanla sülh prosesi daxil olmaqla təhlükəsizlik gündəliyinin əsas iştirakçılarından biri olub. Yəni Simonyan siyasi çəkisi olan bir vəzifəyə, lakin bu vəzifənin əvvəlki məzmunu olmadan gəldi.
Başqa sözlə, Təhlükəsizlik Şurası katibi vəzifəsi Simonyan üçün hakimiyyət pilləsində yüksəliş deyildi. Bunu şərti olaraq “fəxri sürgün” adlandırmaq olar. Bu vəziyyət nüfuzlu bir siyasətçini siyasi səhnədən tam çıxarmadan real gücdən uzaqlaşdırmaq və onun təsir imkanlarını minimuma endirməklə səciyyələnir”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Postsovet məkanında bu təcrübə yaxşı tanışdır: yüksək rütbəli, lakin real idarəetmə rıçaqlarından məhrum vəzifə siyasətçini həm cəzalandırmaq, həm də ona sadiqliyini sübut etmək üçün daha bir şans vermək deməkdir.
Bu baxımdan Ədliyyə nazirinin mətbuat katibinin açıqlaması Simonyanın gələcəkdə bu postdan da uzaqlaşdırılacağına işarə kimi yozula bilər. Bu, Paşinyanın hakimiyyət məntiqinə uyğundur. Qeyd edək ki, katib istisna olmaqla Ermənistan Təhlükəsizlik Şurası hökumət üzvlərindən və Baş nazirə tabe olan güc strukturlarının rəhbərlərindən ibarətdir. Yəni Şura təşkilati cəhətdən Baş nazirdən birbaşa asılıdır. Katib isə bu tərkibdə nəzəri cəhətdən müəyyən müstəqil siyasi çəkiyə malik ola biləcək yeganə fiqurdur.
Paşinyan tədricən hakimiyyət səlahiyyətlərini mərkəzləşdirərək öz əlində cəmləyir. O, artıq sülh prosesini, TRIPP layihəsini və konstitusiya islahatını şəxsən idarə edir. Belə bir mərhələdə təhlükəsizlik siyasətinin Simonyan kimi öz siyasi ambisiyaları olan bir siyasətçi vasitəsilə əlaqələndirilməsi Baş nazir üçün nəzarəti asanlaşdırmır, əksinə, əlavə bir halqa yaradır. Bu mənada Simonyanın birbaşa Paşinyandan asılı olan, daha iddiasız, hakimiyyət strukturlarında təsir imkanları zəif və ya ümumiyyətlə olmayan bürokrat bir şəxslə əvəzlənməsi gündəmə gələ bilər.
Əslində bu yanaşma italyan mütəfəkkiri Nikkolo Makiavellinin hakimiyyətin idarə olunması ilə bağlı məşhur düsturunun məntiqinə uyğundur. Makiavelli “Hökmdar” əsərində xəbərdarlıq edirdi ki, başqasının güclənməsinə yol açan hökmdar sonda öz hakimiyyətini zəiflədir. Paşinyanın komanda siyasəti də bu prinsipə əsaslanır: ətrafında heç kimin müstəqil güc mərkəzinə çevrilməsinə imkan verməmək.
Bundan başqa, yeni Konstitusiyanın qəbulundan sonra qanunvericiliyə dəyişiklik edilməsi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin ləğvi, təhlükəsizlik məsələlərinin gündəlik əlaqələndirilməsi və katibin digər funksiyalarının birbaşa Baş nazirin aparatına verilməsi də mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilər. Bu funksiyaların səlahiyyəti və məsuliyyəti aydın müəyyən edilmiş vahid aparata həvalə olunması hökumət daxilində təhlükəsizlik məsələləri üzrə razılaşdırmanı sürətləndirə, nəticədə Şuranın işinin təşkilini və fəaliyyət qaydasını təkmilləşdirə bilər. Lakin bu variantın digər tərəfi də var: təhlükəsizlik siyasəti üzərində nəzarət daha da bir şəxsin əlində cəmləşər və institusional balans zəifləyər.
Simonyanın şəxsi söhbətlərində 2028-ci ildə İrəvan meri seçkilərinə qatılmaq niyyətindən danışması onun gələcəkdə mərkəzi hakimiyyətdə özünə yer görmədiyinin ifadəsi kimi qiymətləndirilə bilər. Buna görə də o, növbəti postunu paytaxt bələdiyyəsində görür. Ermənistan siyasətində İrəvan meriyası həmişə ikinci dərəcəli vəzifə sayılmayıb: paytaxt ölkə əhalisinin təxminən üçdə birini əhatə edir və bələdiyyə seçkiləri faktiki olaraq hakimiyyətə etimadın yoxlanıldığı mini-parlament seçkisi xarakteri daşıyır. Lakin Simonyanın bu yola öz partiyasının dəstəyi ilə, yoxsa müstəqil siyasi layihə ilə çıxacağı hələlik açıq sual olaraq qalır. Hər iki halda, onun bu planı Paşinyan komandası daxilində gizli gərginliyin göstəricisi kimi də dəyərləndirilə bilər.
Beləliklə, Ədliyyə Nazirliyinin açıqlaması hüquqi baxımdan yenilik deyil: katib vəzifəsi indiki Konstitusiyada da nəzərdə tutulmayıb və onun taleyi konstitusiya ilə deyil, qanunla həll olunacaq. Siyasi baxımdan isə açıqlama Simonyanın hakimiyyət iyerarxiyasındakı mövqeyinin kövrək olduğunu bir daha göstərir”.
O qeyd edib ki Azərbaycan üçün isə əsas məsələ Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulub-tutulmaması və ya Simonyanın taleyi deyil.
“Diqqət regional sülh prosesinə, yeni Konstitusiyanın preambulasına, ərazi iddialarına dair müddəalara və referendumun nəticəsinə yönəlməlidir. Yeni Konstitusiyanın sülh prosesinə xidmət edib-etməyəcəyi isə onun mətni ictimaiyyətə tam təqdim olunduqdan sonra bəlli olacaq”,-deyə o əlavə edib.
Günay












