Restoranda yeməyin içində nəsə çıxsa, müştəri nə etməlidir?

  • Müəllif: Orxan
  • 23 İyul 2025 10:35

Mütəmadi hal olmasa da, bəzən restoranda yediyimiz yeməklərin keyfiyyətsiz olma ehtimalı olur.

Belə ki, bəzən bu keyfiyyətsizlik isə yeməyin dadına görə yox, içində çıxan cismə görə olur.

Bəs belə olduğu halda, məsələn, yemək zamanı yeməkdən tük, milçək çıxarsa nə etməli?

Bu barədə qanunlar nə deyir?

Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyev deyir ki, burada restoram məsuliyyət daşıyır və müştəri hesab ödəməyə bilər:

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, istehlakçını təhlükəsiz və keyfiyyətli məhsul almaq hüququ vardır. Yəni, təqdim olunan yemək keyfiyyətli və sağlamlıq üçün təhlükəsiz olmalıdır. Tük, plastik və s. cismlər isə bu tələbi pozur. Bu halda müştəri yeməyi qəbul etməmək, yeni yemək tələb etmək və pulun qaytarılmasını istəmək kimi hüququ vardır. Əgər təqdim olunan yemək qüsurludursa, xüsusən də içində tük, milçək, və ya başqa yad cisim çıxıbsa, bu zaman, müştəri yeməyin həmin hissəsinə və ya bütövlükdə sifarişə görə pul ödəməkdən imtina edə bilər. Bu, qanunla qorunan istehlakçı hüququdur. Lakin bu zaman yeməklə bağlı sübut (şəkil, video) varsa, daha yaxşıdır. Sakit və hüquqa əsaslanaraq davranmaq tövsiyə olunur. Belə hallarda restoran sanitariya normalarını pozmuş olur (Azərbaycan Respublikasının Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə görə), Qida təhlükəsizliyi baxımından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cərimələnə bilər”.

Orxan
Gununsesi.info