Azərbaycanda abortların sayı sürətlə artır - Müzakirə

  • Müəllif: Günel
  • 18 Avqust 2025 14:51

Xəbər verdiyimiz kimi, Azərbaycanda abort edənlərin sayı təəssüf ki, çoxalıb.

Yaş qrupunun bu qədər aşağı düşməsinə səbəb nədir? Kimlər məsuliyyət daşıyır? 

Bundan əlavə BMT-nin Əhali Fondunun məlumatına görə, Azərbaycan təəssüf ki, hələ də yenidoğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk sırada yer tutur.

Ən sonuncu rəsmi statistika Azərbaycanda doğulan hər 100 qız uşağına 112 oğlan uşağının dünyaya gəldiyini deyir.

“Təəssüf ki, bu iki statistika Azərbaycana yaraşmayan statistikadır. Həm abortların sayı, həm də selektiv abortlar, yəni cins ayrıseçkiliyi əsasında edilmiş abortlar”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında sosioloq, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub Azərbaycanda abort edənlərin artmasına, eyni zamanda selektiv abortlara münasibət bildirərkən deyib.

O bildirib ki, bu problem ölkənin qocalmasına gətirib çıxaracaq:

“Hər 112 oğlana 100 qız uşağı düşür. Bu fakt gözümüzün qarşısında. Bu pisdir. Bu faciədir. Bunu yaradan səbəb nədir? Bunu bir səbəb yaratmır. Bir neçə səbəb əl-ələ verir, nəticədə belə hal yaranır. Bunun davam etməsi Azərbaycanı çox pis vəziyyətə aparıb çıxarır. Bizdə əhali artımı son illərdə ləngiyib. Bu isə Avropadakı kimi tədricən ölkənin qocalmasına gətirib çıxaracaq. Ölkənin qocalması nə deməkdir? Pensiya fondunun gücə düşməsi, pensiya fonduna təzyiq. Yəni ölkə büdcənin mühüm bir hissəsini ahıllara verəcək. Yerdə isə iş qabiliyyətli gənclər  yoxdur. Bax biz buna gedirik”.

Mail Yaqub vurğulayıb ki, ailədə uşaq sahibi olmaq istəmirlər:

“Bunu yaradan 1 neçə səbəb var. Ən birinci səbəb müasir dediyimiz o nəsnə. Müasirlik. Müasir dünya belədir. Avropada belədir.

Ümumiyyətlə ailədə uşaq sahibi olmaq istəmirlər. Özlərini əziyyətə vermək istəmirlər. Yəni  atalıq-analıq məsuliyyətini üzərlərinə götürmək istəmirlər. Sevgi yoxdur uşağa. Biz də tədricən ora gedirik. Bax birinci əsas məsələ budur. 2-ci məsələ hüquqi bazanın zəif olması. Əgər aborta qarşı ciddi qadağalar olsa, bu hal baş verməz.

Bu statistikanın içərisində qeyri-qanuni nikahdan doğulan uşaqların da sayı bunun içərisindədir. Biz bunu ayırd etməliyik. Qeyri-qanuni münasibətdən dünyaya gələn uşaqlar və rəsmi nikahdan dünyaya gələn uşaqlar. Bunlar fərqlidir. Hər bir halda bunların içində həm də mühüm bir say rəsmi nikahdan doğulanlardır. Selektiv abort elətdirirlər. Nə edək ki, bu problem aradan qalxsın?  Bu iki amilə qarşı mübarizə. Dırnaqarası avropalaşmağa qarşı, bu həyat tərzinə, bu düşüncəyə qarşı mübarizə etməliyik. Çünki bu düşüncə uşaq qəbul eləmir, bu düşüncə, ancaq həyatdan ləzzət al, neynirsən uşağı  təfəkkürünü təbliğ edir. Əgər biz ailələrdə uşaqlar çoxalmasını istəyiriksə, biz buna qarşı mübarizə aparmalıyıq. Bəyaq qeyd etdiyim kimi, bu problem  hüquqi bazanın zəif olmasında qaynaqlanır, ona görə hüquqi baza gücləndirilməli, qadağalar, cəza mexanizmi sərtləşdirilməlidir”.

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının cərrah mama ginekoloqu Yeganə Əliyeva da ölkədə artan abortlara münasibət bildirib:

“Abortlar cinsiyyət səbəbindən olur. Erkən yaşda abortlara səbəb isə gecə klubları, barlar, sosial şəbəkələr təsir edir. Yaxud erkən yaşda ailə həyatı qururlar və ya erkən intim əlaqəyə girirlər, bunlar da abortlara səbəb olur.

Biz abort etmirik. O cür gənc qızları qəbul etmirik, Elə bir müraciət olsa, dərhal polisə xəbər veririk”.

 

Günel Həsənova

Gununsesi.info