Amerika olmasa… - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 04 İyul 2022 01:35

Bu gün Amerika Birləşmiş Ştatlarının Müstəqilliyini bəyan etməsinin 246-cı il dönümüdür.

O gündən iki əsr yarım keçib. Təbii ki, ötən 250 ildə dünya dəyişib. İmperiyaların çöküşü, qanlı müharibələr, fəlakətlər və eyni zamanda sözün əsl mənasında Respublika ola bilən, tərəqqiyə çatan ölkələr də yarandı.

İndi XXI əsrdir. Dünyanın sivil cəmiyyətlərini quran xalqlara avtoritarizmdən, diktaturadan əziyyət çəkən başqa ölkələrin xalqları həsəd aparır.

Həsəd aparılası dövlətlərdən birincisi də məhz Amerikadır.

Dünyanın elə bir ölkəsi yoxdur ki, orada Amerikanı sevməsinlər, bu ölkədə yaşamaq istəməsinlər.

Çünki, Amerikaya təsadüfən “Azadlıqlar ölkəsi”, “Arzular ölkəsi” deyilmir.

Bu isə ondan irəli gəlir ki, ABŞ -ın dövlət siyasətində ən böyük prioritet insan haqlarıdır.

Birləşmiş Ştatların Konstitusiyasına “Hüquqlar Haqqında Bill” adlı əlavələr sonrakı illərdə bu dövləti dünyanın super gücünə çevirdi. Məhz insan hüquqları siyasətinə görə bu belə oldu.

ABŞ, o ölkədir ki, özünün Konstitusiyasına “Dünyada insan hüquqlarını qorumaq, ABŞ xarici siyasətinin əsas prioritetidir” yazdı.

Bununla da ABŞ  bir dövlət olaraq təkcə öz  xalqının təhlükəsizliyi, firavanlığı üçün deyil, həm də bütünlükdə bəşəriyyət üçün çalışmış oldu.

Bu o, dövlətdir ki, diktaturadan əziyyət çəkən xalqların azadlıq mübarizəsinin yanında olub.

ABŞ demokratiyası dünya xalqlarına ölkələrin suverenliyi, insan hüquqlarına hörmət, azad seçki, hüquq bərabərliyi və sair fundamental dəyərləri aşıladı.

Bu həm də o dövlətdir ki, dünyanın ağuşuna bürüyən COVİD-19 pandemiyasında Azərbaycan da daxil olmaqla onlarla ölkəyə yardımlar edib.

 ABŞ olmasa, müasir dünyamız olmaz!

 ABŞ olmasa, azadlıqlar olmaz!

 ABŞ olmasa dünya iqtisadiyyatı olmaz!

ABŞ olmasa, bu gün nə Gürcüstan,  nə də  Ukrayna olmazdı. 

Bu ölkədən söz düşmüşkən, bir xatirəmi də bölüşmək istərdim.

Həbsdə olduğum günlərin birində vəkilim Bəhruz Bayramov yanıma gəlmişdi. Cibindən bir məktub çıxarıb “Amerikanın yeni səfiri sənə məktub yazıb” deyə mənə verdi.

Söhbət Robert Sekutadan gedirdi.

Təsəvvür edin, ölkənin məhkəmə-hüquq sisteminin qanunsuzluqlarının qurbanı olan və   ölkədə ədaləti bərqərar edəcək ünvan tapmayan bir vətəndaşa Amerika səfiri yazır: “Mən Bakıya gələndə sizin haqqınızda eşitdim. Siz özünüzün əsas hüquq və azadlıqlarından istifadə etdiyin üçün həbsdəsiz. Amerika Birləşmiş Ştatları sizi və əsas hüquqlarından istifadə etdiyi üçün həbs edilən hər kəsi müdafiə edir. Azərbaycan hökuməti ilə dialoqlarımızda sizin azadlığınız üçün müzakirələrimiz olur”.

Bir Amerika səfirinin bu məktubu həm də onun ifadəsidir ki, öz konstitusiyasında elan etdiyi insan hüquqlarını ümumbəşəri dəyər hesab edir.

Azərbaycanda, digər ölkələrdə insan hüquqlarını müdafiə etməklə, özünün dəyərlərinə sahib çıxır.

ABŞ–ın dövlətlərdən istədiyi tək şey var: Demokratik cəmiyyət qurmaq, insanlarının hüquqlarını tanımaq və təmin etmək…

Bunu edəcəyiksə, Amerikanın dostuyuq və təhlükəsizliyimizə də zəmənat olacaq.

 

Pərviz Həşimli

Gununsesi.info