“Ateistləri xarici dairələr maliyyələşdirir” iddiasına Yalçın İslamzadədən etiraz

  • Müəllif: Orxan
  • 04 Sentyabr 2026 10:50

Fizik Yalçın İslamzadə dindar-ateist qarşıdurmaları, siyasi İslam və xarici maliyyələşmə məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Yalçın İslamzadə hesab edir ki, dindar-ateist münasibətlərinə ayrı-ayrı şəxslər arasında fikir ayrılığı kimi deyil, daha geniş perspektivdən yanaşmaq lazımdır.

“İllərdir davam edən bu mənasız mübahisələrdə nəzərə alınmayan bir məqam var. Çoxları belə düşünür ki, ateistləri hansısa xarici dairələr maliyyələşdirir, məqsəd dini ortadan qaldırmaqdır. Əsla və qətiyyən belə deyil”, – deyə o bildirib.

Fizikin sözlərinə görə, əksinə, xarici dairələr tərəfindən maliyyələşdirilənlərin din təbliğatçıları olduğunu iddia etmək olar.

O qeyd edib ki, ateistlərin geniş insan qruplarını təşkilatlandıraraq onları vahid dini-siyasi liderin göstərişləri əsasında hərəkətə gətirən mexanizmi yoxdur.

Yalçın İslamzadə İran, Səudiyyə Ərəbistanı, Misir, Qətər və son dövrlərdə Türkiyədə fəaliyyət göstərən müxtəlif vəqflərin İslam dininin yayılması istiqamətində maliyyə xərclədiyini iddia edib.

“Mən olsam, ciddi maliyyə resursu olan minlərlə din təbliğatçısından ehtiyat edərdim, nəinki üç-beş ateistdən. Onlar gecə-gündüz çalışsalar da, kütləvi heç bir nəticə ala bilməzlər”, – deyə İslamzadə vurğulayıb.

İslamzadə inancla siyasi İslamın bir-birindən fərqləndirilməsinin vacibliyini də vurğulayıb.

O bildirib ki, dini inancların ümumbəşəri dəyərlərlə bağlı prinsipləri – yalan danışmamaq, oğurluqdan və qumardan uzaq durmaq kimi çağırışlar – siyasi ideologiyadan ayrı şəkildə nəzərdən keçirilə bilər.

Onun sözlərinə görə, siyasi İslam isə dini inancdan fərqli olaraq siyasi məqsədlər üçün istifadə edilən mexanizmə çevrilə bilər.

Yalçın İslamzadə son olaraq cəmiyyətin müxtəlif hadisələrdə qurbanı günahlandırmaq meylini də tənqid edib.

O, dövlətin vətəndaşlarının təhlükəli ideoloji təsirlərdən qorunması və onların şüurunda müdafiə mexanizmlərinin formalaşdırılması istiqamətində məsuliyyət daşımalı olduğunu bildirib.

Elmar

Gununsesi.info