Avropa Şurası məhkəmə-hüquq islahatlarına daha 9 milyon avro ayırıb -BƏS, NƏTİCƏ OLACAQMI?

  • By admin
  • 23 Aprel 2022 11:35

Avropa Şurası ilə Azərbaycan hökuməti arasında imzalanan Fəaliyyət Planına əsasən ölkəmizə 9 milyon avro ayrılacaq.

Avropa Şurasından Gununsesi.info-nun sorğusuna cavab olaraq göndərilən məlumatda deyilir ki,2022-2025-ci illləri əhatə edəcək fəaliyyət planında əsasən ədliyyə-hüquq sistemi, media, gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə sahəsində hakimiyyətlə birgə işlər əks olunub.

Planda nəzərdə tutulub ki, insan hüquqları sahəsində vəkillik institutu da gücləndirilsin, ədliyyə sahəsində islahatlar dəstəklənsin.

Avropa Şurası toplaşmaq azadlığı ilə bağlı müvafiq müddəaların təcrübədə həyata keçirilməsi üçün Azərbaycan hakimiyyət orqanlarına köməyini təklif edib.

Fəaliyət planında media və ifadə azadlığının inkişafı ilə bağlı tədbirlərə də yer ayrılıb.

Bundan başqa, ətraf mühit və iqlim dəyişikliyi, sosial hüquqlar, uşaq hüquqları sahələrinin inkişafı üçün əməkdaşlıq, seçki, vətəndaş cəmiyyəti qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulub.

Bu, Avropa Şurası ilə Azərbaycan arasında razılaşdırılan ilk fəaliyyət planı deyil, bundan əvvəl də təxminən eyni sahələrdə əməkdaşlıq edilib.

Avropa Şurası Baş katibi Mariya Peyçinoviç Buriç Bakıda 2022-2025-ci illər fəaliyyət planının təqdimatı zamanı deyib ki, indiyə kimi icra olunan planlardan sonra Azərbaycanda müsbət dəyişikliklər var.

Ancaq buna baxmayaraq, məhkəmələrdə sifarişli qərarlar, vətəndaşların mülki və siyasi hüquqlaeının pozulmasına yönəlik addımlar da çox olub.

Beynəlxalq insan haqları təşkilatlarının, həmçinin ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycanda insan hüquqlarının durumu, məhkəmə sisteminin fəaliyyəti tənqid olunub.

Günay Təhməzova

Gununsesi.info