“Azərbaycan İnvestisiya Şirkəti” və “Balacans Agro Food” arasında müqavilə imzalandı -Fotolar

  • By admin
  • 06 Dekabr 2021 12:48

Balakəndə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və “Balacans Agro Food” MMC-nin Direktorlar Şurasının sədri, Ə.A.Ansuxski adına Balakən Konserv Zavodunun rəhbəri Əbdülqadir Ansuxskinin iştirakı ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə sayta İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə “Balacans Agro Food” MMC-nin fəaliyyəti barədə məlumat verilib, rayonun aqrar-sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafı barədə müzakirə aparılıb.

“Balacans Agro Food” MMC və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında investisiya müqaviləsi imzalanıb. Müqaviləyə görə, AİŞ istehsal xətlərinin genişləndirilməsi, müxtəlif salat konservləri, kompot, cem-mürəbbə, meyvəqurutma və s. kimi yeni investisiya istiqamətlərinin reallaşdırılmasını nəzərdə tutan layihədə payçılıq prinsipi ilə iştirak edəcək. Layihənin həyata keçirilməsi üçün tələb olunan investisiya məbləği 4,7 milyon manat təşkil edir. Layihə çərçivəsində 100-dək daimi iş yeri yaradılacaq. Müəssisə fəaliyyət göstərdiyi regionda mövcud aqrar xammal bazasından yararlanaraq istehsal etdiyi məhsulları yerli və xarici bazara çıxaracaq.

İmzalanmadan sonra görüş iştirakçıları “Balacans” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, “Balacans Agro Food” MMC qida məhsullarının istehsalı, qablaşdırılması (“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC üçün “Cappy” meyvə şirəsi və s.), satışı, meyvə bağları və birillik əkin, soyuducu anbar və enerji içkilərinin qablaşdırılması sahələrində fəaliyyət göstərir.

Gununsesi.info