Azərbaycan və Qətər XİN arasında məsləhətləşmələr keçirildi

  • By admin
  • 13 Oktyabr 2022 21:45

12-13 oktyabr 2022-ci il tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Qətərə işgüzar səfər edib.

Gununsesi.info xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, səfər ərzində Azərbaycan və Qətərin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin üçüncü raundu keçirilib. Məsləhətləşmələrdə, Qətər tərəfini xarici işlər üzrə Dövlət Naziri Soltan bin Saad Al-Mureyxi təmsil edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Səfər çərçivəsində, F.Rzayev Qətərin “Əl-Cəzirə” telekanalını ziyarət edib.

F.Rzayev, həmçinin Qətərin Həməd Bin Xəlifə və Georgetown universitetlərində tələbə və müəllim heyəti ilə görüşlər keçirib.

Gununsesi.info