Bank kartı müasir insanın gündəlik həyatının adi alətinə çevrilib. Maaş, pensiya, sosial ödəniş, alış-veriş, onlayn xidmətlər və müxtəlif maliyyə əməliyyatları kart vasitəsilə həyata keçirilir. Buna görə də vətəndaşın neçə bank kartına sahib ola bilməsi ilk baxışdan texniki məsələ kimi görünsə də, əslində şəxsin öz pulundan necə istifadə etməsi ilə bağlı seçim məsələsidir.
İndi isə eyni valyutada ikinci aktiv debet kartının sifarişinə məhdudiyyət qoyulması gündəmə gəlir. Məsələn, vətəndaşın bir aktiv manat kartı varsa, ikinci manat debet kartı əldə edə bilməyəcək. Fərqli valyutada kartlara isə belə məhdudiyyət tətbiq edilmir.
Ümumiyyətlə, vətəndaşın eyni valyutada iki karta sahib olması hansı konkret problemi yaradır?
Əgər məqsəd maliyyə cinayətlərinin, şübhəli əməliyyatların və ya kartlardan sui-istifadənin qarşısını almaqdırsa, bütün vətəndaşların seçim imkanını azaltmaq əvəzinə riskli əməliyyatların özünün nəzarətdə saxlanılması daha məqsədəuyğun görünür. Çünki bir insanın iki manat kartının olması öz-özlüyündə onun qanunsuz fəaliyyət göstərdiyini göstərmir.
Əksinə, bir neçə karta sahib olmaq bəzən sırf praktik zərurətdir. Vətəndaş bir kartdan gündəlik xərclər üçün, digərindən onlayn ödənişlər üçün istifadə edə bilər. Bir kartı itirildikdə və ya texniki səbəbdən bloklandıqda digər kart ehtiyat vasitəsi ola bilər. Həmçinin müxtəlif bankların fərqli xidmətləri, keşbek proqramları, komissiyaları və tətbiq imkanları ola bilər. İnsan bütün bunlar arasında seçim etmək hüququna malikdir.
Burada daha fundamental məsələ ortaya çıxır: bank kartı vətəndaşın maliyyə azadlığının bir hissəsidirmi, yoxsa bank sisteminin rahatlığına uyğunlaşdırılmalı olan inzibati obyektmi?
Məhdudiyyətin tərəfdarları deyə bilər ki, kartların sayının azaldılması şəffaflığı artıracaq, nəzarəti asanlaşdıracaq və maliyyə sistemində müəyyən riskləri azaldacaq. Əgər belə məqsəd varsa, həmin məqsəd konkret və ölçülə bilən şəkildə izah edilməlidir. Vətəndaşa sadəcə “məhdudiyyət tətbiq olunur” demək kifayət deyil. Cəmiyyət bilməlidir ki, hansı problem həll edilir, bu problemin miqyası nə qədərdir və niyə məhz ikinci eyni-valyutalı debet kartının qadağan edilməsi həmin problemin həll yoludur?
Əks halda, ortaya maraqlı bir paradoks çıxır. Bank sektorunda rəqəmsallaşma, maliyyə əlçatanlığı və müştəri seçimlərinin artırılması haqqında danışılır, amma digər tərəfdən vətəndaşın istifadə etdiyi maliyyə alətlərindən birinə inzibati məhdudiyyət gətirilir.
Üstəlik, eyni valyutada ikinci karta qadağa qoyulub, fərqli valyutada karta icazə verilməsi də qərarın məntiqi əsaslandırılmasını daha vacib edir. Əgər problem həqiqətən kartların çoxluğundadırsa, valyutanın burada hansı prinsipial fərq yaratdığı izah edilməlidir. Yox, əgər risk kartların sayından deyil, müəyyən əməliyyatların xarakterindən yaranırsa, onda kart sayına ümumi məhdudiyyət qoymaq problemin səbəbinə deyil, nəticəsinə müdaxilə etməkdir.
Əslində, daha sağlam yanaşma “hamıya məhdudiyyət” deyil, “riskə əsaslanan nəzarət” olardı. Şübhəli əməliyyat varsa, həmin əməliyyat araşdırılsın. Qanunsuz fəaliyyət əlaməti varsa, qanunvericiliyə uyğun tədbir görülsün. Amma heç bir şübhəli davranışı olmayan vətəndaşın sırf ikinci kart istədiyinə görə seçim imkanının məhdudlaşdırılması ayrıca əsaslandırılmalıdır.
Çünki bank hesabı və kart yalnız plastik və ya rəqəmsal məhsul deyil. Onlar insanın gündəlik iqtisadi həyatının bir hissəsidir. Vətəndaş öz gəlirinə, xərclərinə və maliyyə təhlükəsizliyinə uyğun olaraq hansı bankdan və neçə xidmət almaq istədiyinə mümkün qədər özü qərar verməlidir.
Dövlət və bank sistemi, əlbəttə, maliyyə təhlükəsizliyini qorumalıdır. Amma təhlükəsizlik adı altında gətirilən hər məhdudiyyət avtomatik olaraq əsaslandırılmış hesab edilə bilməz. Məhdudiyyətin özü yox, onun zəruriliyi sübut edilməlidir.
Bu səbəbdən, eyni valyutada ikinci debet kartına qoyulan məhdudiyyətlə bağlı əsas sual “vətəndaşın niyə iki kartı olsun?” deyil.
Əsas sual budur:
“Vətəndaşın niyə iki kartının olmasına mane olmaq lazımdır?”
Əgər bu suala aydın, ölçülə bilən və ictimai maraqla əsaslandırılmış cavab yoxdursa, o zaman belə qərar vətəndaşın maliyyə seçimlərini məhdudlaşdıran, lakin həll etdiyi problemin özü aydın göstərilməyən bir inzibati müdaxilə təsiri bağışlayır.
Maliyyə sistemi vətəndaşı özünə uyğunlaşdırmaq əvəzinə, vətəndaşın ehtiyaclarına uyğun xidmət qurmalıdır. Çünki bank kartlarının sayı deyil, maliyyə sisteminə olan etimad əsas məsələdir.
Elmar











