İqtisadçı Natiq Cəfərli Azərbaycanda bir sıra dövlət və hökumət qurumlarının fəaliyyətinə ictimai münasibətlə bağlı tənqidi fikirlər səsləndirib.
Gununsesi.info–nun xəbərinə görə, Cəfərli bildirib ki, dünyanın istənilən ölkəsində hökumətin və dövlət qurumlarının fəaliyyətindən əhalinin böyük əksəriyyətinin razı qalması nadir haldır.
Onun sözlərinə görə, buna baxmayaraq, demokratik sistemlərdə müəyyən sosial qrupların hökumətin fəaliyyətini dəstəkləməsi seçkilərin nəticələrində özünü göstərir.
“Bizdə çox qəribə bir vəziyyət yaranıb. Bir çox dövlət-hökumət qurumlarının işindən razı olanları tapmaq mümkün deyil. Yaxşı, o zaman bu qurumların məqsədi nədir ki?” – deyə iqtisadçı sual edib.
O, nümunə kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətini göstərib.
Cəfərlinin fikrincə, AYNA-nın fəaliyyəti həm ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə, həm də avtomobil sürücülərinə təsir edir.
“Ya sərnişin nəqliyyatından istifadə edənlər, ya sürücülər – bu iki qrupdan, heç olmasa biri AYNA-dan razı olmalıdır. Bunu məntiq deyir. İctimai nəqliyyatdan istifadə edənlər çox narazıdırlar, avtomobil sürücüləri AYNA-nı hər gün ‘ən xoş’ sözlərlə yada salırlar. Bəs bu AYNA kimin üçün, nə üçün çalışır? Bunların məqsədi, məramı nədir?” – deyə Cəfərli bildirib.
İqtisadçı eyni yanaşmanın Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinə də aid olduğunu qeyd edib.
“Ya vətəndaş keyfiyyətli məhsuldan məmnun olmalıdır, ya da biznes AQTA-nın fəaliyyətindən zövq almalıdır. Çünki onların fəaliyyəti bu iki qrupla bağlıdır. Hər iki tərəf narazıdırsa, niyə belə bir qurum var ki?” – deyə o vurğulayıb.
Cəfərli əlavə edib ki, analoji sualları vergi, gömrük, tikinti sahəsində fəaliyyət göstərən bir sıra qurumlar və yerli icra hakimiyyəti institutları ilə bağlı da səsləndirmək mümkündür.
“İstənilən dövlət-hökumət qurumu heç olmasa bir qrup əhalini məmnun etməlidir. İstənilən təşkilatdan 95 faiz əhali narazıdırsa, deməli, sistemdə problem var. Bu qədər sadə”, – deyə Natiq Cəfərli fikirlərini yekunlaşdırıb.
Elmar












