“Maariflən, dəstək al, inteqrasiya ol!” layihəsi yekunlaşıb: 64 benefisiar kompleks dəstək xidmətlərindən faydalanıb

  • Müəllif: Şəbnəm
  • 23 Sentyabr 2026 15:22

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Maariflən, dəstək al, inteqrasiya ol!” layihəsi yekunlaşıb.

Gununsesi.info  xəbər verir ki, dörd ay davam edən layihənin əsas məqsədi həssas vəziyyətdə olan qadın və uşaqların hüquqi və psixoloji müdafiəsinin gücləndirilməsi, sosial və tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, hüquqi və psixoloji biliklərinin artırılması, qadınların peşə bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və benefisiarların cəmiyyətə dayanıqlı inteqrasiyasına dəstək göstərilməsi olub.

Layihədə fərdi ehtiyaclara əsaslanan kompleks yanaşma tətbiq edilib. Benefisiarların ilkin ehtiyacları qiymətləndirilib, zəruri hallarda fərdi dəstək planları hazırlanıb və onlar psixoloji, hüquqi, sosial, tibbi, təhsil, peşə hazırlığı və məşğulluq xidmətlərinə yönləndirilib.

Layihə müddətində ümumilikdə 64 nəfər birbaşa benefisiar kimi müxtəlif xidmət və fəaliyyətlərdən faydalanıb. Onlardan 25 nəfəri qadın, 4 nəfəri insan alveri qurbanı, 18 nəfəri azyaşlı oğlan, 17 nəfəri isə qız olub.

Layihənin psixoloji dəstək komponenti çərçivəsində 25 qadın və 33 uşaq olmaqla ümumilikdə 58 nəfər fərdi psixoloji yardım alıb.Fərdi konsultasiyalarla yanaşı, qrup işi, psixoloji məşğələlər və maarifləndirici təlimlər də təşkil olunub.

Layihə çərçivəsində 22 qadın, 2 insan alveri qurbanı və 10 uşaq olmaqla ümumilikdə 34 nəfərə hüquqi yardım göstərilib.Sənədləşmə problemi olan benefisiarlara ayrıca yardım göstərilib, o cümlədən şəxsiyyət sənədləri ilə bağlı məsələlərin həlli istiqamətində müvafiq iş aparılıb.

Uşaqların sağlamlıq vəziyyətinin diqqətdə saxlanılması layihənin sosial müşayiət fəaliyyətlərinin mühüm istiqamətlərindən biri olub. Layihə müddətində 35 uşaq tibbi müayinədən keçirilib.Məktəbdən kənarda qalmış və ya təhsilinin davam etdirilməsində çətinlik yaşayan uşaqların təhsil hüququnun bərpası və məktəbə yerləşdirilməsi istiqamətində aidiyyəti təhsil qurumları ilə iş aparılıb.

Layihənin mühüm istiqamətlərindən biri benefisiarların yalnız mövcud problemlərinin həllinə deyil, onların gələcəkdə öz hüquqlarını müdafiə edə, psixoloji çətinliklərin öhdəsindən gələ və iqtisadi müstəqillik əldə edə bilmələri üçün bilik və bacarıqlarının artırılmasına yönəlib.

Bu məqsədlə dörd ay ərzində ümumilikdə 33 təlim keçirilib. Bunlardan 9-u hüquqi, 8-i psixoloji, 16-sı isə peşə təlimi olub. Layihənin diqqət yetirdiyi əsas məsələlərdən biri qadınların iqtisadi asılılığının azaldılması və onların müstəqil həyata keçid imkanlarının gücləndirilməsi olub.

Peşə hazırlığı, fərdi istiqamətləndirmə, mövcud iş imkanlarının araşdırılması və müvafiq əlaqələrin qurulması nəticəsində 11 qadının işlə təmin edilməsinə dəstək göstərilib. Layihə çərçivəsində sosial iş komponenti benefisiarlarla aparılan bütün fəaliyyətlərin əlaqələndirilməsində mühüm rol oynayıb. İlkin qiymətləndirmə, ehtiyacların müəyyənləşdirilməsi, fərdi planların hazırlanması, sənədləşdirmə, zəruri hallarda ailə ilə əlaqələrin qurulması, uşaqların təhsil və sağlamlıq məsələlərinin həlli, hüquqşünas və psixoloqa yönləndirmə və xidmətlərin nəticələrinin izlənilməsi həyata keçirilib.

Layihə barədə məlumatlar 158 mindən çox baxış toplayıb.

Layihənin nəticələrinin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə görülən işlər sosial şəbəkələrdə, video platformalarında və internet media resurslarında mütəmadi işıqlandırılıb. Layihə ilə bağlı yayımlanan materiallar Facebook-da 21 339, YouTube-da 2 992, müxtəlif internet saytlarında dərc olunan məlumatlar isə 134 058 baxış toplayıb. Beləliklə, təqdim olunan statistik göstəricilərin cəminə əsasən, layihə ilə bağlı rəqəmsal məlumatlandırma materialları ümumilikdə 158 389 baxış əldə edib.

Dörd aylıq fəaliyyət göstərib ki, psixoloji dəstək, hüquqi müdafiə, sosial müşayiət, uşaqların təhsil və sağlamlıq ehtiyaclarının təmin edilməsi, peşə hazırlığı və məşğulluq imkanları vahid dəstək mexanizminin tərkib hissələri kimi bir-birini tamamlayır.

“Maariflən, dəstək al, inteqrasiya ol!” layihəsi çərçivəsində əldə olunan nəticələr də göstərir ki, həssas vəziyyətdə olan qadın və uşaqların dayanıqlı inteqrasiyası üçün yardımın yalnız problemin nəticələrinə deyil, insanın öz imkanlarının və müstəqilliyinin gücləndirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Gununsesi.info