“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əldə olunan irəliləyiş əsasən ABŞ Prezidenti Donald Trampın prosesə cəlb olunması ilə bağlıdır”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
Uitkoff qeyd edib ki, proses üçün zəruri şərtlər mövcud olub: “Azərbaycan və Ermənistanın praqmatik və uzaqgörən liderləri sülh sazişinin uzunmüddətli münaqişənin ən yaxşı həlli olduğunu başa düşürdü”.
Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, Tramp öz komandasına prosesi prioritetə çevirməyi tapşırıb. O bildirib ki, ABŞ Prezidentinin birbaşa iştirakı və onunla əlaqə imkanının olması Amerika komandasına lazımi məqamlarda ona müraciət etməyə və növbəti addımlarla bağlı göstərişlər almağa imkan verib.
“Tramp marşrutu” (TRIPP) proqramına toxunan Stiven Uitkoff vurğulayıb ki, ilkin mərhələdə bir çoxları onun əhəmiyyətini tam dərk etməyiblər: “Proqramın həyata keçirilməsi beynəlxalq ticarət marşrutları ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcək və Ermənistanın gələcəyinə əhəmiyyətli təsir göstərə bilər”.
O əlavə edib ki, proqram Ermənistana təqdim ediləndə İrəvanda onun ölkənin gələcəyinə dərin və böyük təsir göstərə biləcəyini başa düşüblər.












