Azərbaycanı qarşıda Uzun, gərgin mübarizə gözləyir - TƏHLİL

  • By admin
  • 24 May 2022 14:12

Azərbaycan və Ermənistan rəhbərlərinin sərhədlərinin delmitasiyası ilə bağlı komissiya yaratması 44 günlük müharibədən sonra irəliyə atılan ilk kiçik addımdır. Təcrübə göstərir ki, delmitasiya işləri bəzən illərlə zaman alır, mübahisəli ərazilərlə bağlı razılaşma əldə etmək çətin olur.

Məsələn, hazırda Azərbaycan-Gürcüstan sərhədlərinin bir hissəsi delmitasiya olunmayıb. Kommunikasiyaların açılması ilə bağlı siyasi qərar da müsbət addımdır, amma bu da zaman alacaq.

Çünki əvvəlcə nəqliyyat infrastrukturun yaradılması ilə bağlı işçi qrupların uzun çəkən danışıqları, daha sonra onun özünü tikmək lazım gələcək. Azərbaycan öz ərazilərində bu xətləri tikir, amma Ermənistan hələ heç bir iş görməyib.

Əsas məsələ tərəflərin tezliklə sülh müqaviləsinə imza atması və 10 noyabr bəyanatının şərtlərinə tamamilə əməl olunmasıdır. Çünki sərhədlər və kommunikasiyalarla bağlı razılaşmaların problemin tam, hərtərfəli həlli ilə birbaşa əlaqəsi yoxdur. Xankəndindəki separaçı, cinayət qrupun ləğv olunması, bölgənin silahsızlaşdırılması, Rusiya ordusunun çıxarılması, Avropa İttifaqının bəyan etdiyi kimi erməni əhali üçün hüquqi və təhlükəsizlik məsələlərinin Azərbaycanın suverenliyinə xələlə gətirmədən hansı yolla həll ediləcəyi, köçkünlərin qaytarılması və s. kifayət qədər problematik məsələlərdir.

Belə görünür ki, bu gün Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması problemin həlli demək deyil.
Qarşıda uzun, gərgin bir mübarizə Azərbaycanı gözləyir. Güclü olmaq lazımdır və güclü mövqelərə sahib olmağın birinci yolu isə daxildə ciddi islahatlara başlamaqdır. Azərbaycan demokratiya, insan haqları və Avrointeqrasiya ilə bağlı problemlərini həll etməyə başlamalıdır.

Elçin Rüstəmli