Azərbaycanın Ermənistana ixracı 5,7 milyon dolları keçdi: Yeni mərhələ başlayır?

  • Müəllif: Orxan
  • 16 Aprel 2026 12:41

Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Hazırkı mərhələdə bunu “test xarakterli iqtisadi təmas” kimi dəyərləndirmək olar. Yəni tərəflər bir növ yoxlayır ki, bu cür əlaqələr praktik olaraq necə işləyir. Bundan başqa, risklər və imkanlar da yoxlanılır.

Gununsesi.info-ya bu barədə politoloq turan Rzayev danışıb.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal etməsi mövcud şəraitdə “test xarakterli iqtisadi təmas” kimi qiymətləndirilməlidir. Politoloq hesab edir ki, tərəflər bu addımla praktik olaraq iqtisadi əlaqələrin necə işlədiyini, həmçinin mövcud risk və imkanları yoxlamağa çalışır.

T.Rzayev qeyd edib ki, müqayisə üçün bu ilin birinci rübündə Azərbaycandan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac olunub və bu göstərici ümumi ixracın təxminən 0,1 faizini təşkil edib.

Politoloq vurğulayıb ki, bu rəqəmlər uzun illər tam qapalı olan iqtisadi kanalların müəyyən səviyyədə açılmağa başladığını göstərir. Onun fikrincə, uzun müddət davam edən siyasi və hərbi gərginlik fonunda ticarət əlaqələrinin qısa müddətdə tam bərpasını gözləmək düzgün yanaşma deyil.

O cümlədən siyasi şərhçi hesab edir ki, diplomatik və siyasi təmasların qurulması, danışıqlar prosesinin davam etməsi ilə paralel olaraq iqtisadi əlaqələrin belə başlaması müsbət haldır və bu proses gələcək üçün zəmin yaradır.

O əlavə edib ki, əgər bu münasibətlər davamlı xarakter alarsa, gələcəkdə iqtisadi əlaqələr daha geniş miqyas ala bilər. Politoloqun qənaətincə, coğrafi yaxınlıq, logistika imkanları və regional bazarların inteqrasiyası hər iki tərəf üçün iqtisadi fayda yarada bilər.

T.Rzayevin fikrincə, qarşıdan Ermənistanda keçiriləcək parlament seçkiləri bu münasibətlərin və ümumilikdə sülh prosesinin gələcəyi baxımından mühüm rol oynayacaq.

Orxan

Gununsesi.info