Belçikanın Milli Günü Bakıda da qeyd olunub

  • By admin
  • 14 Noyabr 2025 11:43

Dünən Bakıda Belçika Krallığının Milli Günü-Kral Günü münasibəti ilə ziyafət təşkil olunub.

 

Gununsesi.info-nun xəbərinə görə, Belçikanın Azərbaycandakı səfiri Julyen de Fraypontun adından təşkil olunan qəbulda hökumət, parlament, media və vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri iştirak edib.

Qonaqlar qarşısında çıxış edən səfir bildirib ki, bütün belçikalılar üçün bu tarix fərqliliklərlə dolu cəmiyyətimizdə birlik və sabitliyin simvolu olan konstitusiyalı monarxiyamızın davamlı rolu barəsində düşünmək imkanı bəxş edir: “Biz, həqiqətən də, dərin qlobal transformasiya dövründə yaşayırıq. Dünya bir sıra mürəkkəb çağırışlarla üzləşib. Geosiyasi gərginliklər və münaqişələr beynəlxalq əməkdaşlığın dayanıqlılığını sınayır; texnoloji innovasiyalar yaşadığımız, işlədiyimiz və əlaqədə olduğumuz həyat tərzini sürətlə dəyişdirir. Bu kontekstdə diplomatiya və dialoq hər zaman olduğundan daha önəmlidir”.

 

Julyen de Fraypontun sözlərinə görə, Avropa İttifaqı və NATO-nun təsisçi üzvü kimi çıxış edən Belçika çoxtərəfliliyə, qanunun aliliyinə, eləcə də sülhü, davamlılığı və rifahı təşviq edən tərəfdaşlıqların qurulmasına sadiq qalır: “Məhz bu, bizim Azərbaycandakı işimizi istiqamətləndirir. Bir il əvvəl Belçika Baş nazirinin Bakıya ilk səfəri münasibətlərimizdə mühüm bir mərhələ oldu.

O vaxtdan bəri bir çox sahədə əməkdaşlığımız davam edib və intensivləşib.

Məsələn, ötən ilin iyun ayında İranda baş verən toqquşmalar zamanı Belçika vətəndaşlarının, eləcə də diplomatik heyətimizin həmin ölkədən tranziti zamanı səlahiyyətli orqanlarımız arasında mövcud olan səmərəli əməkdaşlığı vurğulaya bilərəm. Həmin vaxt göstərdikləri yardım üçün Azərbaycan hakimiyyətinə təşəkkürümü bildirirəm.

İkili münasibətlərimiz təkcə hökumətlərimiz arasında davamlı dialoqla deyil, həm də hər iki cəmiyyəti zənginləşdirən insanlar arasında canlı əlaqələrlə səciyyələnir.

Xaricdə təhsil almaq istəyən Azərbaycanlı tələbələrin Belçika universitetlərinə üstünlük verməyə davam etməsindən çox məmnunam.

İqtisadi baxımdan şirkətlərimiz dayanıqlı enerji, logistika, tikinti və liman sektoru kimi sahələrdə fəaliyyət göstərir. Onların bəziləri bu axşam tədbirimizdə iştirak edir.

Belçika, həmçinin Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrinin yaradılmasına töhfə verməkdə Azərbaycanın rolunu təqdir edir və dəyərləndirir.

Biz Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini tam dəstəkləyirik. Bu inkişaf edən münasibətlər əməkdaşlığın üstünlük təşkil etdiyi, bağlantıları nəzərdə tutan, açıq, proqnozlaşdırıla bilən və sabit əlaqələri ehtiva edən daha geniş bir vizyonu əks etdirir.

Bugünkü dünyada bəzi qüvvələr bu prinsipləri fəal şəkildə pozduğu üçün bunun çox vacib olduğunu düşünürəm.

Pərviz

Gununsesi.info