Candan oxuya bilməyən Canəli Əkbərov - Orxan Saffari yazır…

  • Müəllif: Orxan
  • 05 Aprel 2026 15:16

Əlbəttə, Azərbaycanda yaxşı muğam ifaçıları çoxdur, fəqət onlardan danışan zaman Canəli Əkbərovun adını çəkməyə qətiyyən ehtiyac yoxdur.

Canəli Əkbərov xüsusi olaraq heç bir ifası ilə yadda qala bilməyən sənət adamlarındandır.

Yəni belə baxanda, oxumağına oxuyur, heç kim demir ki, səsi ümumiyyətlə yox idi, ancaq onun səsində heç bir valehedicilik, şirinlik olmayıb.

Obrazlı desək, Canəli Əkbərov heç vaxt dərindən, candan oxumayıb.

Məsələn, əgər yaxşı bir səs, muğam adamı yuxuya aparırsa, ruhu sakitləşdirirsə, Canəli Əkbərovun səsi bu mənada adamı şirin yuxuya getdiyi yerdə diksindirib narahat edir, yuxun qaçır və yata bilmirsən. Adamın ruhu nəinki dincəlir, hələ bədəndən çıxıb getmirsə, vallah, böyük şeydir.

Texniki olaraq Canəli Əkbərovun ifalarında səhv yoxdur. Yəni xaric oxumur, səsi qaçmır, tutulmur, zilə qalxdığı yerlərdə boğaz hərdən özünü göstərir, ancaq yenə də bütün bunlar ona şirinlik qata, ifalarını sevdirə bilmir.

Üstəlik, Canəli Əkbərov həqiqətən də sənətkar ola bilməsi üçün böyük şansı var idi.

Atası Xanəli Əkbərov tanınmış xanəndə olub, muğamatçı Kərbəlayi Ağaməhəmmədin oğludur. Oxumağa təzə başlayanda Seyid Şuşinski, Xan Şuşinski və başqalarından böyük dəstək görüb.

Di gəl, heç nə ona kömək olmayıb, ustad, böyük sənətkar edə bilməyib.

Başqa sözlə desək, bir muğam Canəli Əkbərovun boğazında heç vaxt yaşaya bilməz, tərk edər o səs tellərini.

Yaxşı bir musiqi qol-budağlı söyüd ağacıdırsa, Canəli Əkbərovun ifası calağı tutmayan cır üzüm sortudur.

Adama elə gəlir ki, Canəli Əkbərovun oxuduğu səs ilə əvvəllər bir neçə dəfə oxuyublar, ona qalan da bu olub.

Nə bir orijinal boğaz var, nə də xüsusiyyət qatan səs tembri.

Əslində, səsin adama heç nə deməməyi  dəhşətdir. Yəni sən onu eşidirsən, ancaq başa düşmürsən, ifadəsi yoxdur. İlk dəfə eşitdiyin xarici dil təsiri bağışlayır. Fikirləşirsən ki, sən Allah, indi bu nə deyir?

Məsələn, hansı muğam səslənəndə bilinir ki, bu, Canəli Əkbərovun səsidir? Hansı qəzəl onun səsində daha da möhtəşəmlik qazanıb?

Canəli Əkbərov ən yaxşı halda onlarla, yüzlərlə ortabab oxuyan ifaçılardan idi. Bəlkə də, ilk daxil olduğu ixtisasda, işlədiyi tibbdə qalsaydı, çox yaxşı həkim olardı. Arada da özü üçün həvəskar şəkildə oxuyardı və bu onun ən gözəl naxışı olardı. Deyərdilər, yaxşı həkimdir, hərdən-bir oxumağı da var.

Ancaq indi necədir?

Əgər muğam böyük bir dənizdirsə, bəzi ifaçılar dalğa olur. Gəlir, keçir və iz buraxmır. Bəziləri isə cərəyan olur, istiqaməti dəyişir. Canəli Əkbərov bu dənizdə dalğadır. Bir dəfə qalxır, bir göz qırpımında da bütün sehri itir. Ara yerdə də ağzına su dolur, boğulursan, gözün qamaşır.

Görünür, muğam sənətində yadda qalmaq üçün səs kifayət deyil. Hətta ustalıq da kifayət deyil. Orada bir sirr var, izah olunmayan, öyrədilməyən, yalnız hiss edilən bir şey. Kimdə o sirr varsa, o qalır. Kimdə yoxdursa, o, nə qədər oxusa da, səsi havada əriyib gedir.

Eynilə Canəli Əkbərov kimi.

Üstəlik, Canəli Əkbərov ömrünün ahıl çağında sənətkara yaraşmayan, yaşına uyğun olmayan məsələlərlə gündəmə gəlmişdi. Özü də necə? Heç nə, başqa bir oxuyan bilməyən Mənsum İbrahimovla aralarındakı mübahisə zamanı ona Mənsumə İbrahimova deməklə. Bu hadisənin yadda qalmasına, Canəli Əkbərov deyəndə onunla xatırlanmasına səbəb sənətkar ola bilməməkdir. Çünki insan həqiqətən də böyük sənətkar olanda bütün qalmqallar sənətin fonunda qalır. Olmayanda isə məlum olduğu kimi olur.

Orxan Saffari

Gununsesi.info