Deputat boşanmaların artmasından narahatdır

“Ölkəmizdə ildən-ilə sürətlə artan boşanmalar gələcəkdə dövlətimizin milli təhlükəsizlik konsepsiyasının tərkibi olan demoqrafik təhlükəsizlik, uşaq pulu, aliment və ailədə olan uşaqların psixoloji sağlamlığı və tərbiyəsi ilə bağlı bir sıra problemlər yaradır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ölkədə ildən-ilə çox sürətlə artan boşanan ailələr, Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dövlət Statistika Komitəsinin hesabatlarında əks etdirildiyi kimi, nigaha gedən ailələrin təxminən 50%-ni təşkil edir. Xüsusilə son üç ilin göstəriciləri çox düşündürücüdür.

“Dövlətimizin Başçısı çıxışlarında davamlı olaraq Ailə İnstitutunu xalqımızın minilliklər boyu yaratdığı zəngin milli dəyərlərin tərkibi adlandırır, güclü millətin formalaşmasında və gənc nəslin bu dəyərlər əsasında yetişdirilməsində Ailə İnstitutunun müstəsna əhəmiyyətini vurğulayır və onun qorunmasının zəruri olduğunu qeyd edir”, – deputat əlavə edib.

Məlahət İbrahimqızı qeyd edib ki, demokratik və inkişaf etmiş ölkələrin əksəriyyətində, hətta Türkiyədə, Mediasiya İnstitutları ilə bərabər Ailə Məhkəmələri də fəaliyyət göstərir.

“Ailə məhkəmələrinin strukturunda hakim, psixoloq, sosial işçi, pedaqoq və vəkil kimi ştatlar mövcuddur. Ailə məhkəmələrinin əsas vəzifəsi boşanma qərarı vermək deyil, ailənin bərpası, ailə mübahisələrinin və ailədaxili şiddətin aradan qaldırılması, uşaqların psixoloji qorunması və maarifləndirici fəaliyyət göstərməkdir. Məlumdur ki, dünyanın ən demokratik və inkişaf etmiş ölkələrində, eləcə də Azərbaycanda hakim, hüquqşünas və vəkil çatışmazlığı ciddi problemdir. Bu səbəbdən məhkəmələrdə hakimlərin ağır iş yükü nəticəsində ailə mübahisələri və boşanma müraciətləri ilə bağlı tələsik qərarlar verilir”, – deputat vurğulayıb.

O, iclasda Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərlərinə suallar ünvanlayıb:

  1. Sürətlə artan boşanmaların qarşısının alınması və Ailə İnstitutunun qorunması məqsədilə hər hansı birgə proqram və strategiya hazırlanması gündəmdədirmi? 
  2. Boşanmaların sürətlə artma səbəbləri akademik səviyyədə araşdırılıb, öyrənilirmi? 
  3. Ailə İnstitutunun qorunması və möhkəmləndirilməsi məqsədilə yaxın gələcəkdə ölkədə Ailə Məhkəmələrinin yaradılması planlaşdırılırmı?

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.

 

Şəbnəm

Gununsesi.info