
Filippinin keçmiş prezidenti Rodriqo Duterte insanlığa qarşı cinayətlərdə ittiham olunaraq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilib. Narkotiklərlə mübarizədə törədilən qətllərə görə məsuliyyəti öz üzərinə götürən Duterte: “Əgər taleyim budursa, qoy belə olsun” deyib. O, Beynəlxalq Cinayət Məhkəməsində (BCM) mühakimə olunan ilk Asiya lideri olacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsində (BCM) mühakimə olunmaq üçün Haaqaya gətirilib.
O, “Facebook” hesabında paylaşdığı videomüraciətdə bildirib:
“Keçmişdə nə olubsa, olub. Mən vəkillərimizin və ordumuzun qarşısında qürurla dayanacağam. Əvvəl də demişdim ki, sizi qoruyacağam və hər şeyin məsuliyyətini öz üzərimə götürəcəyəm”.
Dutertenin bəyanatı o, Manilada həbs olunaraq Haaqa məhkəməsinə göndərildikdən sonra gəldi.
Sabiq dövlət başçısı yaxın günlərdə Haaqada hakim qarşısına çıxacaq.
Filippin polisinin qeydlərinə görə, Dutertenin prezidentliyi dövründə narkotiklərə qarşı aparılan əməliyyatlarda ən azı 6200 adam öldürülüb.
Beynəlxalq Cinayət Məhkəməsində həbsinə dair orderdə Dutertenin prezident kimi bu əməliyyatları həyata keçirən ölüm qruplarını yaratdığı, maliyyələşdirdiyi və silahlandırdığı bildirilib.
Dutertenin qızı və Filippinin hazırkı vitse-prezidenti Sara Duterte çərşənbə günü axşam saatlarında atasının məhkəmə qarşısına çıxacağı Haaqaya gəlib.
ABŞ Dövlət Departamenti Filippin hakimiyyətinin Duterteni həbs etməsindən xəbərdar olduğunu bildirib. Hüquq ekspertləri və alimlər məhkəmənin öz polis qüvvəsinin olmamasına baxmayaraq Dutertenin həbsinin BCM üçün böyük hadisə olduğunu bildiriblər.
Məhkəmə başa çatarsa, Duterte Beynəlxalq Cinayət Məhkəməsində (BCM) mühakimə olunan ilk Asiya prezidenti olacaq.
Günel Həsənova