Jurnalist İlkin Muradov Azərbaycandakı bəzi vakansiyalarda təklif olunan əməkhaqqı və iş şərtlərinə diqqət çəkib.
Gununsesi.info-nun xəbərinə görə, Muradov bildirib ki, son iki gündə yazdığı mövzu ilə bağlı sosial şəbəkələrdə qarşısına müxtəlif vakant iş yerləri ilə bağlı elanlar çıxır.
O, “Azvak.az” səhifəsində yerləşdirilən onlarla vakansiya ilə tanış olduğunu və elanların əksəriyyətində işçilərin əməyinin istismarına şərait yaradan şərtlərin təklif edildiyini qeyd edib.
Jurnalistin sözlərinə görə, bəzi elanlarda isə əməkhaqqı və iş saatları göstərilmədiyindən iş şərtlərini qiymətləndirmək mümkün deyil.
Muradov nümunə kimi “Pizza Mizza” şəbəkəsinin briqada üzvü vakansiyasını göstərib.
Elana əsasən, işçinin vəzifələrinə kassa əməliyyatlarını yerinə yetirmək, qonaqları qarşılamaq və yola salmaq, mətbəxdə məhsullar hazırlamaq, məhsulların keyfiyyətinə nəzarət etmək, iş stansiyasının təmizliyinə nəzarət etmək və xarici görünüş standartlarına əməl etmək daxildir.
Vakansiyada iş qrafikinin 6 günlük və növbəli olduğu, əməkhaqqının isə 500 manat təşkil etdiyi qeyd olunub. Naharın şirkət tərəfindən təmin edildiyi də bildirilib.
Jurnalist bu şərtləri tənqid edərək yazıb:
“Yəni, günə 20 manat vermirlər, amma 5 ayrı-ayrı işi görməyi tələb edirlər. Adamlar hələ utanmadan bunu ‘iş var’ adı ilə paylaşırlar”.
Muradov paylaşımının əvvəlində isə bu vəziyyəti belə ifadə edib:
“At işlətsən belə bu rejimə dözməz…”
Elmar












