“Sabah” FK Almaniya bazarına üz tutub – Obermair və Dahoud gündəmdə

“Sabah” FK Almaniyada çıxış edən futbolçular Raphael Obermair və Mahmoud Dahoud ilə maraqlanır.

Gununsesi.info xəbər verir ki, Bakı təmsilçisi yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə hər iki futbolçunun transfer imkanlarını araşdırır. Hazırda “Paderborn”un formasını geyinən Obermair sağ cinahda çıxış edir və bir neçə mövqedə oynamaq xüsusiyyəti ilə seçilir.

Daha çox diqqət çəkən adın isə hazırda azad agent statusunda olan Mahmoud Dahoud olduğu bildirilir. Vaxtilə “Borussia Dortmund”, “Borussia Mönchengladbach” və “Brighton” kimi klublarda çıxış etmiş təcrübəli yarımmüdafiəçinin “Sabah” FK-nın maraq dairəsində olduğu qeyd olunur.

Hazırda tərəflər arasında rəsmi razılaşmanın olmadığı, danışıqların ilkin mərhələdə davam etdiyi vurğulanır. Mahmoud Dahoud ilə Türkiyənin “Başakşehir” klubu və ABŞ-ın MLS liqasında çıxış edən klubların da maraqlandığı bildirilir.

Qeyd edək ki, “Sabah” FK yeni mövsümdə həm Azərbaycan Premyer Liqasında, həm də avrokuboklarda daha iddialı heyətlə çıxış etmək məqsədilə transfer çalışmalarını davam etdirir.

 

 

Vüsal

Gununsesi.info