“Hakimiyyət dəyişməsə, azərbaycanlılar İrəvana yerləşəcək” – Erməni deputat

“Ermənistan hakimiyyəti təcili olaraq dəyişdirilməlidir. Hazırki hakimiyyət Azərbaycanın bütün tələblərini həyata keçirir. Azərbaycan qoşunları Qarabağda yenidən təşkil olunur”.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib.

“Hazırda Ermənistan çətin seçim qarşısındadır. Ölkədə hakimiyyət dəyişikliyi olmalıdır, əgər bu olmasa, əks halda Azərbaycan İrəvana köçmək üçün qanuni əsaslar hazırlayır, imkan olan kimi irəli gedəcəklər. Ermənistan hakimiyyətinin indi hərəkətə keçmək, addım atmaq imkanı yoxdur”,- deyə deputat Paşinyan hakimiyyətindən şikayətlənib.

Qeyd edək ki, ötən həftə erməni separatçılarının Qarabağda törətdikləri təxribatlara şanlı Azərbaycan ordusu “Qisas” əməliyyatı ilə tutarlı cavab verib. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilən antiterror əməliyyatından sonra Zəngəzur dəhlizinin açılması, tarixi Azərbaycan ərazilərinə gediş-gəlişin təmin edilməsi, qərbi azərbaycanlıların öz dədə-baba yurduna qaytarılması, Göyçə və Zəngəzurun da qaytarılması məsələləri gündəmə gəlib.

Azərbaycanlıların öz tarixi yurdlarına qayıtmaq istəyi Ermənistanda təşvişə səbəb olub. Deputat Tiqran Abramyanın həyəcan dolu açıqlaması məhz bundan irəli gəlir. Görünən odur ki, ermənilər Qərbi azərbaycanlıların gec-tez öz doğma torpaqlarına dönəcəklərini başa düşüblər, bu səbəbdən həyəcan təbili çalaraq, İrəvana hakimiyyətini təcili addımlar atmağa çağırırlar.

Gununsesi.info