“İDEAL”ın həbsdəki sahibi Cahangir Əsgərovu ermənilərlə müqayisə etdi

  • By admin
  • 08 Mart 2022 22:16

İlqar İsmayılov: “Əsgərov Cahangirin mənə qarşı ittihamları Ermənistanın Qarabağa iddiası kimi absurd və qanunsuzdur”.

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılova qarşı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Əsgərov Cahangir və onun həyat yoldaşı Həmzəyeva.Z xanımın apardığı qisas xarakterli məhkəmə təqibləri davam edir.

Gununsesi.info-un xəbərinə görə, martın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə AZAL-ın prezidenti Əsgərov Cahangirin həyat yoldaşı Həmzəyeva.Z xanımın hüquqşünası Məharət Hüseynlinin “İdeal Company”-nin sahibi İlqar İsmayılova qarşı xüsusi ittiham ərizəsi əsasında birinci instansiya məhkəməsində ona bəraət verilmiş iş üzrə məhkəmə baxışı davam etdirilib.
Belə ki, İlqar İsmayılov məhkəmə baxışında çıxış edərək bildirib ki, ona Əsgərov.C və eyni zamanda onun həyat yoldaşı Həmzəyeva.Z xanım tərəfindən bu və ya digər qaydada irəli sürülən ittihamlar sanki Ermənistanın Qarabağ torpaqları ona aiddir kimi irəli sürdüyü iddialar qədər absurd, məntiqsiz və və qanunsuzdur:�”Təəssüf ki, Azərbaycan məhkəmələri bu şəkildə absurd, qanunsuz və sübutsuz ittihamlarla məni təqsirli bilməkdə davam edirlər. Azərbaycan məhkəmələri tərəfindən mənə qarşı irəli sürülən qanunsuz iddia və ittihamlara sifarişlə bu şəkildə qanunsuz qərarlar qəbul edilməsi ölkədə həyata keçirilən məhkəmə islahatlarına kölgə salır”.
İ.İsmayılov çıxışında bildirib ki, ona qarşı bu gün baxılan xüsusi ittihamlı iş də sonuncu “Zəfər Günü” münasibəti ilə tətbiq edilən amnistiya aktının təsiri altına düşür:�”Cənab Prezidentin Azərbaycan xalqına ərmağan etdiyi bu amnistiya aktını yüksək qiymətləndirəm. Eyni zamanda, Azarbaycan xalqına bu amnistiya aktını töhfə verdiyinə görə, Cənab Prezident başda olmaqla, Milli Məclisə öz təşəkkürümü bildirirəm. Lakin özümü Əsgərov.C və Həmzəyeva.Z xanımın irəli sürdüyü bu və ya digər formada ittihamların heç biri üzrə təqsirli bilmirəm. Məhz, buna görə də sonadək də təqsirsizliyim və bəraətim uğrunda mübarizə aparacağam. Bu səbəbdən də heç bir ittiham üzrə mənə amnistiya tətbiq edilməsini istəmirəm və ümumiyyətlə, bunun əlehinəyəm”.
İ.İsmayılov çıxışının sonunda bir daha qeyd edib ki, öz hüquq və haqları uğrunda əzmlə və cəsarətlə mübarizə aparacaq. Prosesdə işə baxan məhkəmə heyətinə üzünü tutan İ.İsmayılov hakimləri ədaləti bərqərar etmək üçün cəsarətli olmağa səsləyib:
“Bilirsinizmi, hörmətli hakimlər, ədalətli olmaq cəsarət tələb edir. Müəyyən təsirlər altında olduğunuzu da bilirəm. Mən cəsarətli ola bilmədiyinizə görə, sizi qınamıram, lakin üzümü sizə tutub demək istəyirəm ki, Allahın yerdə ədalətini təmin edən bu hakim kürsüsündə əyləşmisinizsə, o zaman ədaləti bərqərar etmək üçün özünüzdə cəsarət tapmalısınız. Mən sizə cəsarətli şəkildə ədalətli olmağı arzu edirəm”.

İ.İsmayılov çıxışında müxtəlif xəbər saytlarında guya Əsgərov.C İ.İsmayılova 2017-ci ildə 2 milyon manat məbləğində maddi yardım etməsi haqda yayılan və tirajlanan xəbərlərə də məxsusi olaraq münasibət bildirib. O, bunu qəti şəkildə təkzib edərək qeyd edib ki, heç vaxt bu və ya digər şəkildə Əsgərov Cahangirdən nə maddi yardım və borc istəyib, nə də qəbul etməyib:
“Bütün bunlar şaiyədən başqa bir şey deyil. Heç vaxt bu və ya digər şəkildə Əsgərov Cahangirdən nə maddi yardım və ya borc istəmişəm, nə də qəbul etmişəm. Əslində, C.Əsgərov özü də heç kimə maddi yardım edən və borc verən bir şəxs deyildir.

 

Qeyd edək ki, İlqar İsmayılov 2013-2016-ci illərdə vəzifəsindən sui-istifadə edərək şirkətin kassasından 680 min manata yaxın vəsaiti götürüb şəxsi ehtiyaclarına xərcləməkdə suçlanır. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham verilib. Amma İsmayılov özünü təqsirli bilmir. Onun sözlərinə görə, “İdeal”ın əlindən alınması barədə dövlət orqanlarına şikayətlərinə və mediadakı çıxışlarına görə cəzalandırılıb. İsmayılov həbsindən təxminən bir həftə öncə sosial media hesabında AZAL prezidenti Əsgərov Cahangirin iş otağında təzyiqə məruz qaldığını, onun və həyat yoldaşının təhdid və təzyiqləri altında Samir Əliyevi “İdeal”ın direktoru təyin etmək məcburiyyətində qaldığını yazmışdı. “İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva eyni zamanda, Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un prezidenti, “Premium Bank”ın da əsas təsisçisidir. Həmzəyevanın nümayəndəsi şikayətlərə görə İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib.
Lakin məhkəmə İ.İsmayılovu haqlı sayaraq, ona bəraət verib. Məhkəmə belə nəticəyə gəlib ki, İ.İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib.
Xatırladaq ki, İ.İsmayılova AR CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhləməsinin hökmünə əsasən, İlqar İsmayılov verilmiş maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin İ.İsmayılov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Gununsesi.info