İnam Kərimov onun təyinatına ironiya edənləri təəccübləndirə bilərmi?  - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 05 Aprel 2023 11:56

İnam Kərimovun kənd təsərrüfatı naziri postundan Ali Məhkəmə rəhbərliyinə təyinatı bimənalı qarşılanmayıb.

Buna səbəb isə qanunvericiliyin onun bu təyinatına qadağası idi.

Ancaq Milli Məclis komitələrindəki müzakirələrdə Kərimovun “yüksək hüquqi nüfuza” malik olması əsas gətirildi və onun namizədliyi təsdiqləndir.

Hazırda İnam Kərimovun bu təyinatı  sosial şəbəkələrdə qınanılır.

Hətta nazir  olduğu dövrlərdə kənd təsərrüfatı texnikasının yanında və quzunu qucağına qaldırıb çəkdirdiyi fotolar təkrar yayılır.

Bütün bunlara rəğmən İnam Kərimov hakimiyyətin üçüncü qolunun rəhbəridir.

İnam Kərimov onu tənqid edənləri, onun təyinatına ironiya edənləri təəccübləndirə bilərmi? 

Bunu zaman göstərəcək.

Azərbaycanın məhkəmə-hüquq sisteminin mövcud durumu göz önündədir.

ABŞ Dövlət Departamenti başda olmaqla, dünyanın nüfuzlu insan haqları təşkilatlarının hesabatlarında məhkəmə sisteminin vəziyyəti sərt tənqid edilir.

İnam Kərimov Ali Məhkəmə sədri kimi öz komandası ilə ilk növbədə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna nə dərəcədə əməl olunmasının monitorinqini aparmalıdır. 

Azərbaycan Avropa Şurasına üzv qəbul edilikdən sonra İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında konvensiyanı ratifkasiya edib.

Bununla da Ali Məhkəmə Plenumu Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyinin Azərbaycan dövləti tərəfindən tanınmasına dair qərar çıxarıb.

Ancaq ötən illərin təcrübəsi göstərib ki, Azərbaycan məhkəmələri buna əməl etmir.

İkicə fakt göstərmək kifayyətdir ki, bu barədə deyilənlər təsdiqini tapsın.

Azərbaycan hökumətinə qarşı Avropa Məhkəməsinin  Konvensiyanın 5-ci maddəsinin  (Azadlıq və toxunulmazlıq) pozuntusu ilə bağlı çıxardığı qərarların sayı-hesabı itib.

Halbuki, Azərbaycan dövləti bu pozuntu ilə bağlı ilk qərardan sonra yerli məhkəmələrdə buna istinad etməli idi. Bu işlərə görə həm ölkənin məhkəmə sisteminin imici gedib, həm də dövlət büdcəsindən hər bir qərara görə təzminatlar ödənilib.

 

Eyni acınacaqlı durum həm də Konvensiyanın 6 cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) ilə bağlıdır.

Ona görə də İnam Kərimov cəmiyyətdə özünə, işinə inam yaratmaq istəyirsə, ilk növbədə Avropa Məhkəməsinin presedent hüququna nə dərəcədə istinad olunmasını araşdırmalı və tədbir görməlidir.

 

Bundan başqa Ali Məhkəmədə işə baxılarkən süründürməçilik halları ciddi problemdir. Bu məsələyə də xüsusi diqqət ayrılmalıdır.

Gözləmirik ki, o bu sahədə inqilab edəcək, amma yenə də ciddi dönüş edə bilər. Bunu bacarsa, özünə olan mənfi münasibəti  də dəyişəcək.

 

Pərviz Həşimli

Gununsesi.info