İşdən çıxarılan Milli Qəhrəmanın qızı Prezidentdən kömək istədi: Hüquqlarımın bərpasını istəyirəm

Goranboy şəhər 1 nömrəli tam orta məktəbində 23 il biologiya müəllimi kimi çalışan Abdullayeva Gülxanım Maşallah qızı işsiz qalıb.

Gülxanım Abdullayevanın sözlərinə görə, biologiya müəllimləri üçün keçirilən ikinci şans sertifikatlaşdırma imtahanında tələb olunan nəticəni toplaya bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Məsələ ilə bağlı Gülxanım Abdullayeva ölkə başçısına müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir:

“Hörmətli cənab Prezident,

Mən Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Maşallah Balakişi oğlunun yeganə varisi kimi Sizə müraciət edirəm. İxtisasca biologiya müəllimiyəm, biologiya ixtisası üzrə 23 il pedaqoji stajım var, 03.06.2024-cü ildən 29.06.2026-cı il tarixində qədər Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsini icra etmişəm və biologiya fənnini tədris etmişəm.

19.06.2026-cı ildə biologiya ixtisası adı altında Gəncədə 28 nömrəli tam orta məktəbdə keçirilmiş sertifikasiya imtahanı zamanı orta məktəb müəllimlərinin bilik səviyyələrinə uyğun olmayan və məqsədli şəkildə hazırlanmış olduqca çətin, dolaşıq, qatma-qarışıq, iri həcmli, qəliz, aspiranturaya, doktoranturaya qəbul səviyyəsində olan suallar üzrə guya keçid balını toplaya bilməməyimə görə mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Lakin 19.06.2026-cı ildə biologiya ixtisası adı altında Gəncədə 28 nömrəli tam orta məktəbdə keçirilmiş sertifikasiya imtahanı zamanı, demək olar ki, 1-dən 18-ə qədər olan suallar biologiya fənnini əks etdirirdisə də, yerdə qədər olan digər suallar isə elmi-tədqiqat institutunun sualları, Məzunlar üçün əsas akademik istiqamət Global Universities birgə layihəsi olan Open Doors layihəsi çərçivəsində hazırlanmış suallara bənzəyirdi. 50 sual ixtisasdan, 10 sual metodikadan (kurikulum) ibarət olmaqla suallar bizə əvvəllər təqdim edilmiş çərçivə sənədinə qətiyyən uyğun deyildi, dərsliyə uyğun deyildi, çox ağır idi. 10-15 sual tək cavablı idisə, yerdə qalan suallar müqayisəli suallar idi ki, bu müqayisəli suallara da cavab vermək üçün ən azından 5-6 dəqiqə vaxt lazım idi. Elə suallar da var idi ki, bioloji bilikdən çox cəbr həlli tələb etdiyindən qiymətləndirmə meyarlarına uyğun deyildi. İmtahan formatı və vaxt disbalansı müəllimlərdə psixoloji gərginlik yaratmağa hədəflənmişdi. İmtahandakı sualların çətinlik və mürəkkəblik dərəcəsi tamamilə MİQ (Müəllimlərin İşə Qəbulu) səviyyəsində tənzimlənmişdir. Lakin 3 saatlıq MİQ imtahanı formatındakı bu ağır sualların sertifikasiyada cəmi 2 saatlıq (120 dəqiqə) vaxt çərçivəsinə salınması, üstəlik proqram təminatının donması və vizual interfeys qüsurları müəllimin öz real elmi potensialını nümayiş etdirməsinə birbaşa mane olmuşdur.

Çox iri ölçülü xromosom cütlərinə dair şəkilli test tapşırığı: İri ölçülü xromosom cütləri təsvir edilmiş şəkilli testdə qrafik təsvir qeyri-dəqiq, vizual baxımdan qüsurlu və elmi cəhətdən mübahisəlidir. Bununla yanaşı, sualın həlli həddindən artıq uzun vaxt tələb edən analizə əsaslanır və ayrılmış vaxt limitinə heç bir halda uyğun gəlmirdi. Oogenez (kərtənkələ) məsələsində qeyri-pedaqoji yanaşma: Dişi kərtənkələdə oogenez məsələsində fənn proqramının çərçivəsindən kənara çıxılaraq süni şəkildə mürəkkəb riyazi tənlik quruluşu ($m-n=10$ və s.) tətbiq edilmişdi. Sual bioloji bilikdən çox cəbr həlli tələb etdiyindən qiymətləndirmə meyarlarına uyğun deyildi.

Biologiya fənni üzrə təqdim olunan tapşırıqlarda ölçmə-qiymətləndirmə prinsiplərini tamamilə pozan ciddi elmi, metodiki və vizual-texniki qüsurlar mövcud idi. Suallar elə tərtib edilmişdi ki, elə bilin ki, biz Elmlər Akademiyasında aspiranturaya daxil olmaq üçün imtahan veririk. Məqsəd müəllimləri sındırmaq, mandraja salmaq, psixoloji olaraq əzmək, qul halına salmaq, kölə vəziyyətdə özlərindən asılı vəziyyətə salmaq idi. Bu suallar əsir düşərgələrində əsir düşmüş əsgər və zabitləri düşmən tərəfinə keçmək üçün çıxılımaz vəziyyətə salmağa bənzəyən bir metod idi.

Belə ki, suallar o qədər iri həcmli idi ki, sadəcə sualın özünü oxuyub dərk edənə qədər artıq 2 dəqiqə vaxt keçirdi. Yəni sual o qədər uzun idi ki, monitora tam yerləşmirdi. Azərbaycan Respublikası Təhsil İnstitutu qəsdən uzun suallar tərtib etməklə, 2 dəqiqə vaxtı məhz həmin iri həcmli sualları oxumağa sərf etdirməklə müəllimləri kütləvi şəkildə kəsmək, müəllim kontengetini azaltmaq “strategiya”sını qarşıya qoymuşdu. Belə ki, 19.06.2026-cı ildə biologiya ixtisası adı altında Gəncədə 28 nömrəli tam orta məktəbdə keçirilmiş sertifikasiya imtahanında əksər müəllimlər kəsilmiş, cəmi 1 və ya bir neçə müəllim (3 müəllim) keçid balını toplaya bilmişdir.

Bir faktı da diqqətinizə çatdırım ki, biologiya ixtisası üzrə Naxçıvan Muxtar Respublikasında keçirilmiş analoji sertifikasiya imtahanındakı suallar daha asan və orta məktəb müəllimlərinin bilik səviyyələrinə uyğun olmuşdur. Lakin bizə münasibətdə bu cür sərt, cəzaverici bir mövqeyin tutulması, bizə münasibətdə “5-6 mərtəbəli” çətin, qəliz, iri həcmli, aspirantura və ya doktorantura səviyyəsində, eləcə də 2 dəqiqədən çox vaxt ərzində təhlil aparmağı tələb edən müqayisəli sualların, monitora sığışmayan sualların daxil edilməsi ARTİ-nin ikili standartlarından xəbər verir və bizə məlum olmayan hansısa qərəzi və ya “linç etmə” siyasətini özündə əks etdirir.

Hörmətli cənab Prezident,

Nəticədə mən daxil olmaqla digər biolgiya müəllimlərinin hüquqları kobud şəkildə pozulmuş, barəmizdə qəsdən “savadsız müəllim” obrazı yaradılmışdır. Ona görə də təklif edirəm ki, Azərbaycan və Gürcüstan Elmlər Akademiyalarının mütəxəssislərinin, habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin universitetlərinin, o cümlədən Bakı Dövlət Universitetinin biologiya ixtisası üzrə aparıcı professorların, müəllimlərin iştitakı ilə məsələ müzakirə edilsin, biologiya ixtisası üzrə sertifikasiya imtahanına daxli edilmiş sualların orta məktəb müəllimərinin bilik və bacarıqlarının yoxlanılması baxımından uyğun olub-olmaması məsələsi araşdırılsın, və yaxud pozulmuş hüquqlarımızın bərpa edilməsinə töhfə vermək üçün DİM, Azərbaycan Elmlər Akademiyası və BDU-nin aparıcı müəllimlərinin iştirakı ilə xüsusi komissiya yaradılsın və biologiya ixtisası üzrə sertifikasiya imtahanına daxli edilmiş sualların orta məktəb müəllimərinin bilik və bacarıqlarının yoxlanılması baxımından onların bilik səviyyələrinə uyğun olub-olmamasına hüquqi qiymət verilsin və pozulmuş hüquqlarımın bərpasına kömək göstərilsin”.

BUNA DA BAX:

Milli Qəhrəmanın qızını işdən çıxardılar:

 

Şəbnəm

Gununsesi.info