İraq parlamentindəki Türkmən fraksiyasının sədri, İraq Türkmən Cəbhəsindən (İFC) Kərkük millət vəkili Erşat Salihi Kərkük şəhərində “sabit tarazlığı qorumaq üçün” hər bir komponentin növbə ilə 16 ay bələdiyyə sədri vəzifəsini icra etməsini təklif edib.
Gununsesi.info xəbər verir ki, Salihi bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb. “İraq Türkmən Cəbhəsi Türkmən bölgəsinin – Türkmənelinin milli iradəsini təmsil edən yeganə qurumdur”, – deyə o qeyd edib.
“2003-cü ildən əvvəl ərəbləşdirmə siyasəti, 2003-cü ildən sonra isə kürdləşdirmə siyasəti nəticəsində Kərkük böyük demoqrafik dəyişikliklərə məruz qalıb”, – deyə Salihi vurğulayıb.
Onun sözlərinə görə, “Bu səbəblərdən Kərkük Əyalət Şurası seçkilərinin nəticələri heç vaxt Kərkükün nəcib kimliyini əks etdirməyəcək. Demoqrafik dəyişikliklərə baxmayaraq, Kərkükün türkmən şəhəri olduğunu bir daha təsdiq edirik”.
“Kərkükdə heç kimin təkbaşına qərar vermək hüququ yoxdur. Bütün qruplara məsləhət görürük ki, Kərkükü köhnə günlərə qaytarmaq xəyalına belə düşməsin. Əslində, belə cəhd edənlər digər etnik qruplardan daha çox əziyyət çəkəcəklər.
Kərkükdə tarazlığın möhkəm olmasını təmin etmək üçün hər bir komponentin növbəli şəkildə 16 ay müddətində qubernator vəzifəsini davam etdirməsini təklif edirik”, – deyə o yazıb.
Federal hökumətin fəaliyyət göstərdiyi İraqda 10 ildən sonra sakinlər 2023-cü il dekabrın 18-də yerli seçkilərdə iştirak ediblər.
Kərkük seçkilərində Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) ən çox səslə (5 yer) birinci, ərəblər ikinci, İraq Türkmənlərinin Birgə Siyahısı isə 2 məclis mandatı ilə üçüncü olub. Kürdüstan Demokratik Partiyası (KDP) 2 mandatla dördüncü, Kərkükdəki ərəblərin ümumi sayı 6, Babiliuni Xristian seçki siyahısı isə 1 kvota ilə yer alıb.