KİV nümayəndələri üçün media-tur təşkil edilib -Fotolar

  • By admin
  • 16 Dekabr 2021 16:34

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) və “Azərbaycan Standartlaşdırma İnstitutu” public hüquqi şəxsin laboratoriyalarına media-tur təşkil olunub.

Gununsesi.info xəbər verir ki, KİV nümayəndələri  öncə AzMİ-nin Kalibrləmə laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, laboratoriyada 40-dan çox dövlət kəmiyyət vahidi etalonları saxlanılır. Bu etalonlar temperatur, kütlə, elektrik, vaxt və tezlik, təzyiq, ionlaşdirici şüalanma, sixliq və özlülük kəmiyyətləri dövlət etalonları laboratoriyalarında tətbiq olunurlar. Bildirilib ki, cari il ərzində AzMİ tərəfindən 3217 təsərrüfat subyektinə xidmət göstərilib. 1.652.000-dən çox ölçmə vasitələri və sınaq avadanlıqları yoxlanılıb, 528 ədəd dövlət kəmiyyət və kəmiyyət vahidləri etalonları kalibrlənib, daxil olan müraciətlər əsasında 223 ölçmə vasitəsinin tipi təsdiq olunaraq dövlət reyestrində qeydiyyata alınıb, 43 nəfər ixtisasartırma kurslarını bitirərək müvafiq sertifikatlarla təmin olunublar.

Sonra KİV nümayəndələri “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin nəzdində olan Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında olublar. Media təmsilçilərinə məlumat verilib ki, 2012-ci ildən fəaliyyət göstərən laboratoriya ən yeni texnologiya ilə istehsal edilən və beynəlxalq standartlara cavab verən 40-dan çox avadanlıq və ölçmə vasitələri ilə təchiz olunub.

Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında media nümayəndələri qarşısında 16 sınaq keçirilib. Bunlar benzin yanacaqlarında oktan ədədinin, dizel yanacağında setan ədədinin, benzin və dizel yanacaqlarında sıxlığın təyini, dizel yanacağında donma temperaturunun təyini, yuyucu vasitələrdə aktiv maddələrin təyini və s. sınaqlardır.

Gununsesi.info