Məlahət İbrahimqızı: “Türkiyədəki bəzi radikal dini və siyasi çevrələr qardaşlığımıza xələl gətirmək istəyir”

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 13:03

Milli Məclisin deputatı Məlahət İbrahimqızı son günlər Azərbaycanla Türkiyə arasında ictimai-siyasi müstəvidə yaranmış gərginliyə münasibət bildirib.

Gununsesi.info -ya açıqlamasında deputat qeyd edib ki, Azərbaycan–Türkiyə münasibətləri ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənir. Bununla belə, qardaşlıq və strateji müttəfiqlik Azərbaycanın dövlət suverenliyinə müdaxilə kimi başa düşülməməlidir.

“Azərbaycan və Türkiyə bir millətin iki müstəqil dövləti olsa da, qardaşlıq və ya müttəfiqlik müstəqilliyə müdaxilə etmək deyil. Eləcə də qardaşlıq və müttəfiqlik suverenliyə hörmətsiz yanaşmaq deyil”, – deyə Məlahət İbrahimqızı vurğulayıb.

Deputatın sözlərinə görə, Türkiyədəki bəzi siyasi və dini çevrələrin Azərbaycanın daxili işlərinə müdaxilə təsiri bağışlayan açıqlamaları, ölkənin dünyəvi dövlət quruluşunu və konstitusion prinsiplərini hədəfə alan çağırışları qəbuledilməzdir.

“Azərbaycan müstəqil, suveren, unitar və dünyəvi dövlətdir. Xalqımız öz dövlət quruluşunu, inkişaf yolunu və gələcəyini müəyyən etmək hüququna malikdir. Heç bir xarici siyasi və ya dini mərkəz Azərbaycanın daxili işlərinə müdaxilə edə, xalqımıza hansı dövlət modelində yaşamağı diktə edə bilməz”, – deputat bildirib.

M. İbrahimqızı vurğulayıb ki, ayrı-ayrı şəxslərin və radikal qrupların mövqeyini Türkiyə dövlətinin və bütövlükdə türk xalqının mövqeyi kimi təqdim etmək düzgün deyil. Onun fikrincə, bu cür açıqlamalar iki ölkə arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətlərinə xələl gətirməməlidir.

“Azərbaycanın dövlət maraqlarını müdafiə etmək Türkiyəyə qarşı çıxmaq deyil. Eləcə də Türkiyə ilə qardaşlığı və müttəfiqliyi qorumaq Azərbaycanın suverenliyi məsələsində güzəştə getmək anlamına gəlmir. Əsl qardaşlıq və müttəfiqlik qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa və ortaq gələcək naminə məsuliyyət daşımağa əsaslanır”, – deyə o qeyd edib.

Deputat son dövrlərdə Türkiyənin bəzi ictimai-siyasi dairələrində Azərbaycanla bağlı səsləndirilən bəyanatların, sosial şəbəkələrdə aparılan təzyiq kampaniyalarının və diplomatik nümayəndəliklərimizin qarşısında keçirilən aksiyaların narahatlıq doğurduğunu bildirib.

“Azərbaycanla təzyiq və ultimatum dili ilə danışmaq qardaşlıq münasibətlərinin ədəbinə həqarətdir. Azərbaycan kiminsə siyasi iradəsindən asılı olan dövlət deyil. Öz taleyini özü müəyyənləşdirən, milli maraqlarını qoruyan, müstəqil siyasət yürüdən və beynəlxalq hüququn subyekti olan suveren dövlətdir”, – Məlahət İbrahimqızı bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi nümayəndələrinin açıqlamalarına da toxunub. Deputat hesab edir ki, yüksək vəzifə tutan şəxslər öz bəyanatlarının iki dövlət arasındakı münasibətlərə mümkün təsirini nəzərə almalıdırlar.

“Azərbaycanın suverenliyi müzakirə predmeti deyil. Türkiyə ilə qardaşlığımız isə heç bir siyasi kampaniyanın girovuna çevrilə bilməz. Azərbaycanla bağlı məsələlərdə ictimai təzyiqi artırmaq əvəzinə, qarşılıqlı hörmətə və diplomatik dialoqa üstünlük verilməlidir”, – deyə deputat vurğulayıb.

M. İbrahimqızı yaranmış gərginliyin aradan qaldırılması üçün Türkiyənin müvafiq qurumlarının konkret addımlar atmasının vacibliyini qeyd edib. O, iki ölkə arasında qarşılıqlı etimadın qorunmasının həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Deputatın fikrincə, ayrı-ayrı radikal qrupların və siyasi dairələrin davranışları Azərbaycan–Türkiyə strateji müttəfiqliyinə zərər vurmamalıdır. O, bu cür kampaniyaların arxasında dayanan qüvvələrin fəaliyyətinin araşdırılmasının da vacib olduğunu bildirib.

“Bu qüvvələr Azərbaycanın uzun müddət təmkin nümayiş etdirməsini zəiflik kimi başa düşməməlidirlər. Diplomatik təmkin təzyiqlərə, əsassız ittihamlara və suveren hüquqlara müdaxilə cəhdlərinə sonsuz səbir göstərmək demək deyil. Qardaşlığa hörmət etmək başqa, qardaşlıq adı altında təzyiqi qəbul etmək tamam başqadır”, – deputat bildirib.

M. İbrahimqızı Azərbaycan–Türkiyə münasibətlərinin qorunmasının Türk dünyasının gələcəyi baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər ayrı-ayrı şəxslərin bəyanatlarından və sosial şəbəkələrdəki qarşıdurmalardan daha böyük strateji əhəmiyyət daşıyır.

“Azərbaycan və Türkiyə iki bərabərhüquqlu, müstəqil və suveren dövlət kimi bir-birinin yanında dayanmalı, milli maraqlarımızı müdafiə etməli, siyasi müstəqilliyimizə və konstitusion hüquqlarımıza qarşılıqlı hörmət göstərməliyik. Heç bir tərəf digərindən öz dövlətçilik modelindən imtina etməyi tələb edə bilməz. Heç kəs də qardaşlıq münasibətlərindən təzyiq vasitəsi kimi istifadə edə bilməz”, – deyə deputat vurğulayıb.

O, Azərbaycan və Türkiyənin yaranmış vəziyyətdən qarşılıqlı anlaşma və siyasi müdriklik nümayiş etdirməklə çıxacağına inandığını bildirib.

“Biz Türkiyə xalqına hörmət edirik. Onun sevincini də, kədərini də özümüzünkü bilirik. Türkiyənin güclənməsi, təhlükəsizliyi və beynəlxalq nüfuzunun artması Azərbaycanın da maraqlarına uyğundur. Ancaq məhz bu qardaşlıq münasibətlərinin mahiyyətindən çıxış edərək bir həqiqəti açıq deməliyik: iki dövlət arasındakı dostluq ayrı-ayrı şəxslərin emosional bəyanatlarından və siyasi kampaniyalardan üstün tutulmalıdır”, – Məlahət İbrahimqızı qeyd edib.

Deputat açıqlamasının sonunda Azərbaycanın suverenliyinin və Türkiyə ilə strateji müttəfiqliyinin eyni dərəcədə qorunmasının vacibliyini vurğulayıb:

“İnanırıq ki, Azərbaycan və Türkiyə bu sınaqdan daha güclü və şərəflə çıxacaq. İki qardaş xalqın arasına nifaq salmaq istəyənlərə imkan verilməməli, ayrı-ayrı kampaniyaların dövlətlərimizin strateji münasibətlərinə zərər vurmasına yol açılmamalıdır. Suverenliyimiz toxunulmaz, qardaşlığımız müqəddəsdir!”

Gununsesi.info