Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyulub.
Gununsesi.info xəbər verir ki, aprelin 12-də baş tutan səsvermənin ilkin nəticələrinə əsasən, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” partiyası 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.
Seçkilərdə məğlubiyyətini Orban özü etiraf edib və rəqibi, “Tisa”nın lideri Peter Magyar-ı qələbə münasibətilə təbrik edib.
Bu nəticə ölkə tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Politoloq Turan Rzayev saytımıza verdiyi açıqlamada bildirib ki, Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı davam edəcək, lakin yeni hökumət bu platformada daha çox iqtisadi və mədəni əməkdaşlığa üstünlük verə bilər.
Qeyd edək ki, Orban dövründə Macarıstan Qərb institutlarının üzvü olsa da, milli suverenlik və mərkəzləşmiş idarəetməyə əsaslanan alternativ siyasi xətt yürüdürdü. Onun hakimiyyəti həm Donald Trump, həm də Vladimir Putin ilə yaxın münasibətləri ilə seçilirdi.
Yeni lider Peter Magyar isə daha çox Avropayönümlü siyasəti ilə tanınır. Bununla yanaşı, Magyarın mövqeyində milli-konservativ elementlər də qalmaqdadır ki, bu da kəskin siyasi dönüşdən çox balans dəyişikliyinə işarə edir.
Orxan











