Mahnıları ruhumuza zərərli qida olan müğənnimiz - Orxan Saffari yazır...

  • By Admin2
  • 09 Fevral 2026 10:26

Əslində, Azərbaycanda Xalq artisti adı tamamilə ləğv olunmalıdır. Yəni sonuncu dəfə o adı Miri Yusifə verməli və elan etməli idilər ki, ay camaat, artıq bitdi, tay bundan o tərəfi yoxdur, o da bu adı aldısa, başqa kimə verək?

Digər tərəfdən, ümumiyyətlə, bu ad verilirsə, yaxşı olardı ki, heç olmasa, həqiqətən də bütün xalq tərəfindən sevilən, ömründə bir dəfə də olsun xalqın sözünü deyən, vətəndaş mövqeyi olan adama verilsin. Göründüyü kimi, Miri Yusifin nə vətəndaş mövqeyi də olub, nə də kütləvi formada sevilib.

Musiqi özlüyündə gözəl bir şeydir. Məsələn, elə mahnılar var ki, onlar adamı coşdurur. Elə mahnılar da var, adamı sakitləşdirir. Ancaq Miri Yusifin mahnıları isə adamı keyidir.

Bu mənada, səhiyyə və mədəniyyət nazirliyi birləşib xalq elan etməlidir:

“Uzun müddət Miri Yusif dinləmək sağlamlığınıza ziyandır. Ən yaxşı halda baş-beyniniz gedəcək”.

Söz yox, Miri Yusifi Azərbaycanda müəyyən qədər dinləyən, sevən adamlar var. Ən azından Nura Suri kimi öz-özünə oxumur. Ancaq yenə də bu onun sənətkar olmağına dəlalət etmir.

Miri Yusif ölkədə yeganə adamdır ki, ən populyar mahnısını hamı səhv başa düşüb. Elə özünü də çox vaxt Aqil M.Quliyevlə səhv salmaq olur. Özü öz aləmində kədərli “Ad günü” mahnısı oxuyub, amma hamı onu ən xoş günündə dinləyir. Bu isə o deməkdir ki, məsələ Miri Yusifin nə oxumağı deyil, camaata lazım olan söz orada keçir.

Təsəvvür edin ki, bir mahnının sözləri belədir:

“Bu gün sənin ad günün, bu gün sənin şad günün, arzuları üfürüb söndürdün, üfürüb şam kimi”.

Hə, indi nə var burda? Yəni əslində, kədərli mahnı kimi də olduqca bayağıdır. Ancaq nə təəssüf ki, Azərbaycan xalqı bəh-bəhlə dinləyə bilir. Normalda isə kiminsə ad günündə belə mahnı qoyulduğu üçün ad günü sahibi tortu mahnını qoşanın sifətinə vurmalıdılar. Üstəlik, şamları qəsdən üfürməməli, tutduğu arzuya söyməlidir. Ümumiyyətlə, kiminsə ad günündə bu mahnını qoymaq qan-qaraçılıq salmaqdır.

Yaxud da digər mahnısının sözləri:

“Həyatım, bu təlaş nədi, səhra gözündə bu yaş nədi, nə məndədi, nə səndədi günah, sanma dünya toz pəmbədi”.

Yox bir, Pəmbə panteradı.

Başa düşə bilmirəm ki, belə sözlər, o cür mahnılar insanların zövqünə necə uyğun olur? Əlbəttə, “Zövqlər müxtəlifdir” deyib yaxanı qırağa çəkmək olar. Ancaq bu dünyada “zövqsüzlük” deyə bir anlayış da var axı. Miri Yusif isə zövqsüzlüyün simvoludur.

Bu günə qədər Miri Yusif bircə ciddi mahnı oxumayıb. Adam başa düşə bilmir ki, nanay-ninayla necə parladı? Bəs musiqi ruhun qidası idi? Belə qida olar? Axı bu zərərli qidadır, AQTA hara baxır? Obrazlı desək, onun mahnıları həm də “Fast Food”-dur.

Obrazlı desək, Miri Yusif “Tik-tok azərbaycanlıları” üçün oxuyur. Şəklini mahnı ilə paylaşanların sevimli müğənnisidir o.

Üstəlik, hər şeydən əvvəl səsi də yoxdur. Ümumiyyətlə, Azərbaycanda bir çox adamın belə düşüncəsi var ki, qalın və xırıltılı olanda səsin gözəl olur. Onun səsini eşidəndə elə bilirəm ki, nəsə texniki qüsur var, kaset dolaşıb.

Onun musiqisini, səsini həm də belə təsəvvür etmək olar. Məsələn, mağazada çörək alanda, restoranda menyuya baxanda, toyda kimin kimə qohum olduğunu aydınlaşdıranda arxa planda səslənən musiqi, gələn səs-Miri Yusif odur. Azca mane olur, amma kömək etmir. Sadəcə fon kimi var. Uzun müddət dinlədikcə isə səsi adamı yorur, depressiyaya salır, bütün enerjini çıxardır.

Miri Yusifin mahnılarını dinləyəndə adam hansı hissi keçirməli olduğunu da bilmir. Bilmirsən, əylənəsən, bilmirsən, kədərləsən. Konkret əsir-yesir qalırsan.

Ümumiyyətlə, onun oxuduğu mahnıların heç bir emosional gücü, məsuliyyəti yoxdur. Sıfır həyəcan, sıfır duyğu. Sanki deyir ki, nə ağla, nə də gül, elə belə dinlə.

Bəlkə də, Miri Yusifin bir qədər sevilməyinin səbəbi tanışlıqdır. Yəni adamlar o qədər eşidib ki, artıq mübahisə doğurmur, eşidən kimi, əşşi, hə deyirlər.

Səs tanışdı, sima tanışdı. Vəssəlam.

Orxan Saffari

Gununsesi.info