MEY-xana… mey-XANA… - Və yaxud Meyxanaçının adam öldürməkliyi

  • By admin
  • 10 Noyabr 2022 23:51

 

Bəlkə də bu köhnə-kürüş yazını təzədən “diriltməyə” bir ehtiyac yox idi…

Bəlkə də…

…O qədər də populyar adam deyiləm. Düzü, buna cəhd də etmirəm. Gəncliyimdə çox populyar verilişlərin aparıcısı olmuşam. Ta innən sonra buna nə ehtiyac? Populyarlıq lazımdır tamadaya, xanəndəyə, sazandaya…

Uzun illər tələbə və aspirantlara Dünya fəlsəfə tarixini və Xarici ölkələr ədəbiyyatını tədris etmişəm. Dünyanın müxtəlif ölkələrində 40-dan artıq pyesimə quruluş verilib. Bədii və elmi əsərlərdən ibarət 50-cildliyim (mütləq əksəriyyəti elektron variantda) nəşr olunub. Təxminən elə o qədər də nəşrini gözləyən gündəliklərim var…

Qısası. Az qala, bütün janrlarda yazılarım var. Həm bədii, həm də musiqi janrlarında yazılmış dahiyanə əsərlər təkcə qəlbimə yox, bütün ruhuma hopur…

Nə isə…

İstəsəniz məni qınayın:

Qrafomaniyanı sevmirəm.

Qafiyəpərdazlıdan iyrənirəm.

İthaf “şeirlərini” qəbul etmirəm.

Yaradıcı adamın təkcə yazdığına yox, həm də şəxsiyyətinə obyektiv qiymət verməyə çalışıram.

Mənasız söz yığımlarına “dəstək verən” dayaz, taxtabaş, axtabaş, saxtabaş, bambılı alimləri “öz adyla” çağırıram.

…Yuxarıda dediyim kimi, bütün janrları sevir, təqdir edir, “bağrıma basıram”….

Məni qınamayın, təkcə bu MEY-xananı qəbul edə bilmirəm. Mey və XANA birlikdə olanda isə nəsə özözünə nəsə naxoş bir assosiosiya yaranır. Mey olan yerdə həmişə nəsə yaxşı olmayan bir şey də zühur edir.

Yox, elə anlamayın ki, mən bu sahədə fəaliyyət göstərən insanların istedadının üstündən xətt çəkmək istəyirəm. Ətövbə. Hətta elə meyxanaçı var ki, bizdə yaxası orden-medallı şairlərin bir çoxundan yaxşı yazır…

…Sadəcə, qafiyə ardıyca qaçıb fikri ikinci plana atmaq yaxşı əlamət deyil…

Populyarlıq demişkən. Bir dəfə bir şənlikdə məşhur bir bəstəkar və vaxtilə dərs dediyim bir meyxanaçı ilə bir masanın arxasında əyləşmışdim. Məclis əhlinin az qala hamısı bir-bir yaxınlaşıb meyxanaçını əlini, üzünü öpüb baş əyirdi. Bəstəkar pərt olmuşdu. Görünür buna görə məclisi tez tərk etdi. Düzü, mən meyxanaçının fərasətinə heyran qaldım. Və ürəyimdə dedim: var olsun TV-lərimiz.

P.S.

Bu oxuduqlarınız çoxdanın qeydləridir.

Bu gün eşitdim ki, bir meyxanaçı  kimisə öldürüb.

Əlbəttə, bu, bir təsadüfdür. Bizdə təkcə meyxanaçılar adam öldürmür ki…

Firuz Mustafa