Özbəkistan türk akademiyasının müşahidəçi üzvü oldu

  • By admin
  • 24 İyun 2022 20:37

Bu gün Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının növbəti V iclasında Özbəkistan Respublikası beynəlxalq təşkilatda rəsmi müşahidəçi statusu alıb.

Gununsesi.info xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Türk Akademiyasının binası qarşısında Özbəkistanın dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, təşkilata üzv ölkələrin təhsil nazirləri, Qazaxıstan Xarici İşlər Nazirliyinin təmsilçiləri, səfirlər, dövlət və ictimai xadimlər, tanınmış alim və türkoloqlar, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2019-cu ildə Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 8-ci Zirvə Görüşündə Özbəkistan Təşkilatın tamhüquqlu üzvü kimi qəbul edilib. Bundan sonra Özbəkistan tərəfi Türk Akademiyasında müşahidəçi dövlət statusunun alınması üçün rəsmi ərizə təqdim edib. Akademiyada müşahidəçi statusu alan ilk ölkə isə Macarıstan olub.

Gununsesi.info