Parlamentdən sahibkarlara bəd xəbər - ONLARA QARŞI CİNAYƏT-HÜQUQİ TƏDBİRLƏRİN ƏHATƏ DAİRƏSİ GENİŞLƏNDİRİLİR

  • Müəllif: admin
  • 23 Oktyabr 2026 10:35

Azərbaycanda məhkəmə qərarlarının qərəzli şəkildə icra edilməməsinə görə hüquqi şəxslər barəsində
cinayət-hüquqi tədbirlərin tətbiq dairəsinin genişləndirilməsi təklif olunur.

Gununsesi.info-nun məlumatına görə, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçərək birinci oxunuş üçün  plenar iclasa tövsiyə olunub.

Bu dəyişikliyə zərurət kimi məhkəmə qərarlarının icrasını gücləndirmək olduğu iddia edilir.

 Lakin əlavə sanksiyaların hansı konkret problemi həll edəcəyi, sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinə və məhkəmədə qalib gəlmiş şəxslərin hüquqlarına necə təsir göstərəcəyi ciddi suallar doğurur.

Məsələni Gununsesi.info-ya  şərh edən vəkil Cavad Cavadov hesab edir ki, təklif olunan dəyişiklik yalnız cinayət hüququ baxımından deyil, məhkəmə qərarlarının icra mexanizmlərinin effektivliyi, sahibkarlıq mühiti və iqtisadi nəticələr baxımından da qiymətləndirilməlidir:

“Əvvəla, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məcburidir. Burada mübahisə ola bilməz. İnsan illərlə məhkəmələrdə öz hüququnu müdafiə edir, nəhayət, onun xeyrinə qərar çıxarılır, amma həmin qərar icra olunmursa, məhkəmə müdafiəsi hüququ faktiki olaraq nəticəsiz qalır.

Mən məhkəmə qərarlarının qərəzli şəkildə icra edilməməsinə qarşı təsirli hüquqi tədbirlərin tətbiqinin tərəfdarıyam. Çünki icra olunmayan məhkəmə qərarı ədalət mühakiməsinə olan ictimai etimadı da zəiflədir.

Ancaq qanunvericilik təşəbbüsünə başqa bir sualdan yanaşmaq istəyirəm: Azərbaycanda məhkəmə qərarlarının icra edilməməsinin əsas səbəbi cərimələrin azlığıdır, yoxsa mövcud icra mexanizmlərinin gözlənilən nəticəni verməməsi?”

Cavad Cavadov hesab edir ki, problemin səbəbini müəyyən etmədən yeni cəza tədbirinin nə dərəcədə səmərəli olacağını söyləmək çətindir:

“Onsuz da cərimələr var. Yeni sanksiya konkret olaraq nəyi dəyişəcək? Qüvvədə olan qanunvericilikdə məhkəmə qərarlarının icra edilməməsinə görə kifayət qədər ciddi məsuliyyət və məcburi icra mexanizmləri nəzərdə tutulub. “İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə hüquqi şəxslərə 3000 manatdan 5000 manatadək cərimə tətbiq oluna bilər. Təkrar pozuntuya görə isə bu cərimə 5000 manatdan 7000 manatadək artır. Bundan əlavə, ‘İcra haqqında’ Qanunun 78-ci maddəsində könüllü icra üçün müəyyən edilmiş müddətdə
üzrsüz səbəbdən yerinə yetirilməyən pul tələbi üzrə 10 faiz həcmində icra ödənişi nəzərdə tutulub. Yəni belə təsəvvür yaradılmamalıdır ki, indiyədək hüquqi şəxslərin məhkəmə qərarlarını icra etməməsinə görə heç bir məsuliyyət mexanizmi mövcud deyildi və indi ilk dəfə belə bir mexanizm yaradılır. Məsuliyyət də var, əlavə maliyyə yükü də var, məcburi icra tədbirləri də. Ona görə mənim sualım budur: mövcud tədbirlər niyə bütün hallarda gözlənilən nəticəni vermir və yeni cinayət-hüquqi tədbir bu vəziyyəti konkret olaraq necə dəyişəcək? Düşünürəm ki, qanunverici yeni tədbirin zəruriliyini məhz bununla əsaslandırmalıdır”. 

Cavad Cavadov icra sisteminin mövcud imkanlarına da diqqət çəkib:

“Burada bir məsələyə xüsusi toxunmaq istəyirəm. Biz elə danışmamalıyıq ki, guya icra məmurlarının borclunun əmlakını müəyyən etmək və həmin əmlak hesabına məhkəmə qərarının icrasını təmin etmək üçün hüquqi imkanları yoxdur. Bu imkanlar mövcuddur.

‘İcra haqqında’ Qanunun 41.2-ci maddəsi icra məmurlarına ‘Elektron icra’ informasiya sistemi vasitəsilə borclunun əmlakı, pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumat almaq hüququ verir. Həmin Qanunun 45-ci maddəsi isə borclunun bank hesablarının elektron qaydada sorğulanmasını, pul vəsaitlərinə və digər əmlakına tələb yönəldilməsini, əmlak üzərinə həbs qoyulmasını və digər məcburi icra tədbirlərini nəzərdə tutur. Daşınar və daşınmaz əmlakın müəyyən edilməsi, əmlakın götürülməsi və satılması üçün də qanuni mexanizmlər mövcuddur.

Yəni məsələ icra məmurlarına yenidən eyni səlahiyyətlərin verilməsində deyil. Məsələ həmin səlahiyyətlərin konkret icra işlərində nə dərəcədə vaxtında, operativ və səmərəli tətbiq edilməsindədir. Biz bilməliyik ki, uzun müddət icra olunmayan məhkəmə qərarlarının neçəsində borclunun əmlakı vaxtında aşkar edilib?

Neçəsində həmin əmlaka həbs qoyulub? Neçəsində bank hesablarındakı vəsaitlər icraya yönəldilib? Hansı hallarda əmlakın gizlədilməsi müəyyən olunub? Mən bütün icra məmurlarının öz vəzifələrini yerinə yetirmədiyini iddia etmirəm. Belə ümumiləşdirmə düzgün olmaz. Amma mövcud hüquqi və texniki imkanlar olduğu halda nəticə əldə edilməyən işlərin səbəbləri araşdırılmalıdır”.

“Bəs, mövcud mexanizmin niyə işləmədiyini bilmədən onun üzərinə yeni sanksiya əlavə etmək problemi həll edəcəkmi?” sualına hüquqşünas belə cavab verib:

“Şirkətin pulu var və onu gizlədirsə, problem cərimənin azlığında deyil. Hesab edirəm ki,  məhkəmə qərarını qəsdən icra etməyən şirkətlə obyektiv maliyyə çətinlikləri səbəbindən öhdəliyini yerinə yetirə bilməyən şirkət arasında mühüm fərq qoyulmalıdır.

Gəlin iki vəziyyətə baxaq. Birinci vəziyyətdə şirkətin bank hesablarında pulu, daşınar və daşınmaz əmlakı, gəlirləri və başqa aktivləri var. Amma şirkət məhkəmə qərarını icra etmək istəmir. Əmlakını başqa şəxslərin adına keçirir, pul vəsaitlərini gizlədir, formal əqdlər bağlayır və müxtəlif vasitələrlə məhkəmə qərarının icrasından yayınmağa çalışır.

Əgər belə hərəkətlərin qəsdən və icradan yayınmaq məqsədilə edildiyi sübuta yetirilirsə, əlbəttə, ciddi hüquqi məsuliyyət məsələsi ortaya çıxır.

Amma mən yenə də eyni sualı verirəm: əgər şirkətin əmlakı varsa və onu gizlədirsə, problem
doğrudanmı cərimənin azlığındadır?

Yoxsa problem həmin əmlakın vaxtında müəyyən edilməməsində, onun başqalarına keçirilməsinin qarşısının alınmamasında və məcburi icra tədbirlərinin nəticəsindədir?

Çünki burada tələbkar üçün əsas məsələ şirkətin neçə dəfə cərimələnməsi deyil. Onun məqsədi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş pulunu və ya əmlakını əldə etməkdir.

Əgər şirkətin aktivləri mövcuddursa, həmin aktivləri müəyyən edib icraya yönəltmək kreditorun
hüququnun bərpası baxımından birbaşa nəticə verə bilər. Əlavə cərimə isə özlüyündə gizlədilmiş əmlakı aşkar etmir.”

“Pulu olmayan şirkəti yenidən cərimələməklə məhkəmə qərarı necə icra olunacaq?” sualına gəlincə, Cavad Cavadovun sözlərinə görə, ikinci vəziyyət daha mürəkkəbdir və iqtisadi baxımdan ayrıca qiymətləndirilməlidir.

“Tutaq ki, şirkət məhkəmə qərarına əsasən 200 min manat ödəməlidir. Amma onun maliyyə vəziyyəti ağırlaşıb, sifarişləri azalıb, gəlirləri aşağı düşüb, bank hesablarında kifayət qədər vəsaiti yoxdur. Şirkət fəaliyyətini davam etdirməklə müəyyən müddətdə borcunu ödəyə bilər. Lakin onun üzərinə əlavə ağır maliyyə yükü qoyulduqda vəziyyət daha da mürəkkəbləşə bilər. İşçilərin əməkhaqqı, digər kreditorların tələbləri, vergilər və cari müqavilə öhdəlikləri də mövcuddur. İndi sual edirəm: həmin şirkət mövcud borcunu ödəyə bilmirsə, əlavə cərimə onun ödəmə qabiliyyətini hansı formada artıracaq? Əksinə, bu, şirkətin iqtisadi fəaliyyətini daha da zəiflədə bilər. Əlbəttə, bir məqamı xüsusi vurğulamaq istəyirəm. Biz məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsindən danışırıq. Şirkətin sadəcə maliyyə çətinliyi yaşaması və ya borcunu ödəyə bilməməsi özlüyündə belə qərəzliliyin sübutu deyil.
Amma hətta qanunla tələb olunan qərəzli davranış müəyyən edildikdə belə, tətbiq edilən tədbirin iqtisadi nəticələrini qiymətləndirmək lazımdır. Əgər şirkətin pulu varsa və onu gizlədirsə, həmin pulu aşkar etmək lazımdır. Əgər şirkətin həqiqətən pulu yoxdursa, əlavə cərimə ilə həmin pulu yaratmaq mümkün deyil. Məncə, qanunverici bu sadə iqtisadi reallığı da nəzərə almalıdır”.

“Dövlət cəriməni alacaq, bəs kreditorun pulunu kim qaytaracaq?”

Vəkil qanunvericilik təşəbbüsünün daha bir mühüm hüquqi xüsusiyyətinə diqqət çəkib:

“Cinayət Məcəlləsinin 99-6.1-ci maddəsinə əsasən, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbir
qismində tətbiq edilən cərimə dövlət nəfinə keçirilən pul tutulmasıdır. Amma icra olunmamış məhkəmə qərarı üzrə pulunu gözləyən şəxs dövlətdən fərqli subyektdir. Bu, vətəndaş və ya başqa şirkət ola bilər. Burada iki hüquqi məqsədi bir-birindən ayırmaq lazımdır.

Birincisi, məhkəmə qərarının icrasından qəsdən yayınan şəxsin cəzalandırılması və bu davranışınqarşısının alınmasıdır. İkincisi isə məhkəmədə qalib gəlmiş şəxsin pozulmuş hüququnun real bərpasıdır.

Bunlar bir-biri ilə əlaqəli, amma eyni olmayan məqsədlərdir.

Tutaq ki, şirkətin onsuz da məhdud vəsaiti var. Həmin şirkətə əlavə maliyyə sanksiyası tətbiq olunur və
dövlət qarşısında yeni pul öhdəliyi yaranır”.

 

Pərviz Həşimli
Gununsesi.info