“Paşinyanın Moskva səfərində əsas maraqlı tərəf Ermənistan idi”

“Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüşü mən mehriban düşmənlər arasında baş tutmuş bir görüş kimi dəyərləndirərdim. Həqiqətən də hər iki tərəf daxilində olan fikirləri və mövqeləri qarşılıqlı şəkildə, sakit və ölçülü formada bir-birinə çatdırdı”.

 Gununsesi.info bildirir ki, bu fikirləri deputat Razi Nurullayev deyib:

“İyunun 7-də keçiriləcək parlament seçkisi ərəfəsində tərəflərin deməli və etməli olduqları məsələlər var idi və bu görüşdə həmin məsələlər müzakirə olundu.

Paşinyanın Moskvaya səfərində daha çox maraqlı tərəfin Ermənistan olduğu görünür. Ehtimal etmək olar ki, görüş təşəbbüsü də məhz İrəvan tərəfindən irəli sürülüb. Çünki Ermənistanda hazırda müəyyən narahatlıqlar mövcuddur və bu narahatlıqlar artıq adi səviyyəni keçərək strateji xarakter almağa başlayıb.

Görüş zamanı Vladimir Putinin səsləndirdiyi bəzi fikirlər diqqət çəkdi. Bu çıxışlar müəyyən mənada qəbul olunmuş qaydalardan kənar təsir bağışladı. Xüsusilə, Rusiyaya yaxın qüvvələrin seçkilərdə iştirakı və onların uğur qazanması üçün şərait yaradılması ilə bağlı səslənən fikirlər narahatlıq doğurdu.

Son baş verənlər və iki lider arasında keçirilən görüş ümumi siyasi vəziyyətə yeni çalar verdi. Bir sıra qaranlıq məqamlar aydınlaşdı. Görünən odur ki, qarşıdakı seçki prosesi asan keçməyəcək.

Hesab edirəm ki, bu proseslərin regiona ciddi təsiri olacaq”.

 

 

Şəbnəm

 Gununsesi.info