Qobustan rayonunda şəhid ailəsi üzvləri və müharibə iştirakçıları üçün hüquqi konsultasiya xidməti təşkil olunub.
Gununsesi.info xəbər verir ki, görüş “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərərçəkən və həssas qruplardan olan şəxslər üçün hüquqi konsultasiya xidmətləri” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Qobustan rayonundan 16 nəfər iştirak edib.
Layihə rəhbəri Xalid Kazımov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Ağsu, Qobustan, Siyəzən və Şabran rayonlarını əhatə edir. Onun sözlərinə görə, layihə çərçivəsində ölkənin bütün bölgələrindən daxil olan müraciətlər əsasında müharibə iştirakçılarına onlayn hüquqi yardım da göstərilir.
Qeyd olunub ki, müraciətlər elektron poçt (huqugiyardim@gmail.com), “Qaynar xətt” (070 290 22 99), “Facebook” səhifəsi (Pulsuz Hüquqi Yardım), “Instagram” hesabı (huquqiyardim_pulsuz) və “WhatsApp” vasitəsilə qəbul edilir.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov vətəndaşları fərdi qaydada qəbul edərək onların hüquqi problemlərini dinləyib.
Müraciətlər əsasən şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı, müharibə veteranlarının iş və torpaq sahəsi ilə təmin olunması, daşınmaz əmlakın sənədləşdirilməsi, əlillik təyinatı, əlillikdən imtina qərarları, təhsil formasının dəyişdirilməsi və dövlət qurumlarının qərarlarının məhkəmədə mübahisələndirilməsi ilə bağlı olub.
Görüş zamanı 7 nəfərin dövlət qurumlarına ünvanlanacaq müraciətləri hazırlanaraq onlara təqdim edilib. Digər iştirakçıların sənədləri qəbul olunub və hüquqi prosedurların davam etdirilməsi üçün qeydiyyata alınıb. Yaxın günlərdə hazırlanacaq sənədlərin aidiyyəti qurumlara göndərilməsi üçün benefisiarlara təqdim ediləcəyi bildirilib.
Qeyd edək ki, layihənin məqsədi müharibədən zərərçəkmiş şəxslərə və digər həssas aztəminatlı vətəndaşlara pulsuz hüquqi konsultasiya göstərmək, zərurət yarandıqda onların məhkəmələrdə hüquqi müdafiəsini təşkil etməklə sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.














